Nazirlər Kabinetinin yeni qərarı “Azəristiliktəchizat” ASC-nin borc öhdəlikləri istiqamətində problemlərin artmasının qarşısını alacaq, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilməsi ilə bağlı yeni qərarı “Azəristiliktəchizat” ASC-yə yeni səlahiyyətin verilməsi anlamına gəlir: “Əhali qrupuna daxil edilməyən istehlakçıların, yəni qeyri-əhali istehlakçılarına istilik təchizatı xidmətini göstərən zaman mövcud tariflər artıq dövlət tərəfindən tənzimlənməyəcək. Bu isə o deməkdir ki, “Azəristiliktəchizat” qeyri-əhali qrupuna bu xidməti göstərərkən, yəni istiliklə təchiz edən zaman onun qiyməti, tariflər qarşılıqlı müqavilə və razılıq əsasında müəyyən ediləcək”.
Ekspert düşünür ki, əslində, bu qərar həm "Azəristiliktəchizat"ın özünün idarə edilməsi istiqamətində bir növ müəyyən işlərin təkmilləşdirilməsinə imkan verəcək: “Bu, səhmdar cəmiyyətin maliyyə dayanıqlığının təmin olunmasına öz töhfəsini verəcək. Eyni zamanda, bununla borc öhdəlikləri istiqamətində problemlərin artmasının qarşısı alınacaq”.
E.Əmirovun fikrincə, ümumi saya baxdıqda isə görünür ki, qeyri-əhali qrupunun xüsusi çəkisi ümumi abonentlərin cəmi 1,67 %-ni təşkil edir: “Bu da o deməkdir ki, hər 1 000 abonentdən yalnız 16-sı qeyri-əhali qrupuna daxildir. Hər 1 000 abonentin 984 məhz əhali abonentinə daxildir. Yəni “Azəristiliktəchizat” göstərdiyi xidmətin böyük hissəsinin tarifini onsuz da Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlə həyata keçirəcək. Satış həcmində də abonent sayına görə mütləq sayda olan pay çəkidən daha çox olsa da, ümumi nisbətdə kifayət qədər azdır. Başqa sözlə, satışın həcmində 16 % qeyri-əhali qrupuna daxil olan istehlakçılar tutur. Bu isə 100 nəfərdən, yəni 100 abonentdən satış həcminə görə 100 abonentə satılacaq. Daha dəqiqi, bu da hər 100 manatın 16 manatı deməkdir”.
O düşünür ki, əhali qrupuna da “Azəristiliktəchizat” və əhali qrupu arasında olan istilik təchizat xidmətinin şərtləri müəyyən qədər diversifikasiya edilmiş şəkildə tətbiq olunmalıdır: “Yəni vahid tarifin müəyyən edilməsi doğru yanaşma deyil. Bu istiqamətdə də müəyyən təkmilləşdirməyə getməyə ehtiyac var. Burada insanların sayı çoxdur, eyni zamanda, bütün məntəqələr, məsələn, “Azəristiliktəchizat”ın hesabatında bildirilir ki, 184 min mənzil istilik təchizatı ilə təmin olunub. Amma bunların hər birində istiliyin səviyyəsi eyni olmayıb və 184 000 mənzilə xidmət göstərilibmi? Bu səhmdar cəmiyyətin bu ilin birinci rübünün sonlarında açıqladığı məlumatda qeyd olunur ki, 25 mindən çox müraciət daxil olub, yəni 185 min mənzilə xidmət göstərilib və 25 min müraciət daxil olub. Əslində kifayət qədər böyük rəqəmdir. Buna görə də əhali qrupu ilə də işin təkmilləşdirilməsi üçün müəyyən yeni yanaşmalara ehtiyac var”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli 197 nömrəli Qərarı ilə istilik təchizatı xidmətlərinin qiymətlərini tənzimləyən qurumlar müəyyənləşdirilib. Bunula əlaqədar, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilib.
Sözügedən Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib. Tarif (qiymət) Şurası tərəfindən istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tarifləri müəyyən edilir. Yeni istilik mövsümundə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.
Qərara əsasən qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət “Azəristiliktəchizat” ASC-ə həvalə olunub. Müvafiq istehlakçı qrupu üçün istilik təchizatı xidmətlərinə görə hesablaşmalar “Azəristiliktəchizat” ASC ilə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək. Qeyri-əhali istehlakçıları “Azəristiliktəchizat”ıın ümumi abonentlərinin 1,67 %-ni, istilik təchizatı üzrə satışının isə 16 %-ni təşkil edir.
https://report.az/energetika/eldeniz-emirov-yeni-qerar-azeristiliktechizat-in-borc-probleminin-artmasinin-qarsisini-alacaq/