XƏBƏRLƏR

Avstriya, Slovakiya və Çexiya Almaniyanı qaz tranzit haqlarının ləğvinə çağırıb

DEKABR 12, 2024

Avstriya, Slovakiya və Çexiya Almaniyanı öz ərazisindən onlar üçün nəzərdə tutulan qazın tranziti üçün ödənişi mümkün qədər tez ləğv etməyə çağırıb, bu barədə "Reuters" agentliyi müvafiq sənədə istinadən məlumat yayıb.

Düzəliş sentyabrda Bundestaqda birinci oxunuşdan keçib, lakin onun yekun təsdiqinə noyabrda Almaniyada hökumət koalisiyasının dağılması mənfi təsir göstərə bilər.

Berlin daha əvvəl Avropa İttifaqındakı (Aİ) tərəfdaş ölkələrə tarifi 2025-ci ilin yanvarından tətbiq etməyə söz verib.

Avstriya, Slovakiya və Çexiya Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqavilənin 2024-cü ilin sonunda başa çatacağını nəzərə alaraq, sözügedən rüsumun tezliklə ləğv edilməsində israrlıdır.

Aİ-yə üzv ölkələrin energetika nazirləri gələn bazar ertəsi Brüsseldə keçiriləcək görüşdə mövcud vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Almaniya ərazisindən qaz tranziti üçün rüsum 2022-ci ilin payızında tətbiq edilib. Berlin enerji xammalının qonşu ölkələrə daşınmasına görə ödənişi tədarükün təhlükəsizliyini təmin etmək və qazın saxlanması xərclərini ödəmək zərurəti ilə əsaslandırıb.

https://report.az/energetika/avstriya-slovakiya-ve-cexiya-almaniyani-qaz-tranzit-haqlarinin-legvine-cagirib/