XƏBƏRLƏR

“Azəri-Çıraq-Günəşli”-dən ümumi hasilat 600 milyon tona çatıb

DEKABR 13, 2024

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 600 milyon ton neft hasil edilib.

Yatağın operatoru olan “BP-Azerbaijan” şirkəti xəbər verir ki, hasil edilmiş neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf deyib: “Azəri-Çıraq-Günəşli” yatağından 600 milyon ton neft hasilatına nail olunması Azərbaycanın enerji sektorunun davamlı uğurunu təsdiqləyən əhəmiyyətli nailiyyətdir. Bu əlamətdar hadisə, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi sayəsində mümkün oluи. Heydər Əliyevin müdrik siyasəti 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanmasına yol açaraq ölkəmizin enerji müstəqilliyinin və iqtisadi rifahının təməlini qoyuи. AÇG-nin 30 illik yubileyini qeyd edərkən, SOCAR bu irsi davam etdirməklə enerji sektorunda yenilik və dayanıqlılığa töhfə verməyə davam edəcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib: “Bu tarixi hadisə AÇG yatağının 30-cu ilində əldə edilmiş növbəti nailiyyətdir. Biz qürur duyuruq ki, ümumilikdə 600 milyon ton neft təhlükəsiz, etibarlı və ətraf mühit baxımından məsuliyyətli əməliyyatlar nəticəsində əldə olunub. Bu nailiyyət AÇG-nin ölkəyə və bütün maraqlı tərəflərə verdiyi misilsiz töhfənin gözəl ifadəsidir. Bu, həmçinin AÇG-nin uğurunu fədakar əməkləri ilə təmin etmiş öz işinə sadiq minlərlə insanın, əsasən də Azərbaycanlı mütəxəssislərin inanılmaz zəhmətinin təcəssümüdür. Möhtəşəm fəaliyyətlərinə və əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi öhdəliyinə davamlı olaraq sadiq qaldıqlarına görə bütün AÇG heyətinə, xüsusilə də əməliyyatlar qrupuna təşəkkürümü bildirirəm".

Q. Counz vurğulayıb ki, BP-nin strategiyası bu günün enerji sistemlərinə - yəni AÇG kimi yataqların işlənməsinə, və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır: "Operator kimi biz AÇG-nin qarşıdan gələn onilliklər ərzində də ölkəyə, Azərbaycan xalqına və tərəfdaşlarımıza töhfə verməsini təmin etmək üçün hökumət və SOCAR-la sıx işləmək öhdəliyimizə sadiqiq”.

Qeyd edək ki, AÇG üzrə HPBS ilkin olaraq 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 45 milyard ABŞ dolları investisiya qoyulub. 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb.

Sentyabrda isə AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavənin imzalandığı elan edilib. Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi, hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

https://report.az/energetika/acg-den-umumi-hasilat-600-milyon-tona-catib/