XƏBƏRLƏR

Özbəkistan Mərkəzi Asiyada ilk atom elektrik stansiyasını tikir

DEKABR 16, 2024

Özbəkistan, Mərkəzi Asiya regionunda atom elektrik stansiyası (AES) inşa edən ilk ölkə olaraq, Cizak vilayətində 330 MVt gücündə stansiya tikməyi planlaşdırır.

Bu barədə Özbəkistan Atom Enerjisi üzrə Agentliyinin direktoru Əzim Əhmədhacayev deyib. Stansiya hər biri 55 MVt gücündə altı reaktordan ibarət olacaq.

“Regionda əhalinin sayına görə lider olan Özbəkistanda (40 milyon nəfər) ÜDM-in illik artım tempi 7-8 %, əhali artımı isə təxminən bir milyon nəfərdir. Buna müvafiq olaraq elektrik enerjisinə olan tələbat da davamlı şəkildə artır”, - deyə Ə.Əhmədhacayev qeyd edib.

Onun sözlərinə görə, AES-in baş podratçısı Rusiyanın “Rosatom” dövlət şirkəti olacaq. Tikintiyə yaxın vaxtlarda başlanması və stansiyanın 2033-cü ildə mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.

“Cizak rayonunda AES yalnız bizim və “Rosatom”un səyləri ilə tikilməyəcək. Bu, Özbəkistan və Rusiya arasında birgə layihədir, burada hər iki tərəfin öz hüquq və öhdəlikləri var. Bununla yanaşı, bizim baxışımıza əsasən, layihədə AES ətrafında infrastrukturun, xidmət bölmələrinin, maşın stansiyalarının və digər obyektlərin yaradılmasında digər ölkələrin şirkətləri də iştirak edə bilər. Başqa sözlə, bu beynəlxalq komanda işidir”, - deyə Ə.Əhmədhacayev Rusiyaya qarşı sanksiyaların layihəyə təsir edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib.

O vurğulayıb ki, Özbəkistanda kiçik gücə malik AES tikiləcək və bu kateqoriyada “Rosatom”un texnologiyaları dünyanın ən etibarlıları arasında yer alır.

“Biz podratçı şirkəti seçərkən siyasi meyarlara deyil, yalnız kommersiya məqsədlərinə, eləcə də ən etibarlı və təhlükəsiz texnologiyanın mövcudluğuna diqqət yetirmişik. Podratçının seçimində təhlükəsizlik əsas meyarımız olub. Özbəkistan tərəfdaşlar qarşısında götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirir. 2018-ci ildə AES-in inşası üzrə Hökumətlərarası Saziş imzalanıb. Bu saziş əsasında işlərə start verildi və biz həmin il qəbul etdiyimiz öhdəlikləri yerinə yetirməyə davam edirik”, - deyə Ə.Əhmədhacayev vurğulayıb.

https://report.az/energetika/uzatomprom-ozbekistan-enerji-tehlukesizliyini-guclendirmek-ucun-merkezi-asiyada-ilk-aes-i-tikir-ekskluziv/