XƏBƏRLƏR

Azərbaycan və BP enerji layihələrinin icrasını və yaşıl enerji dəhlizinin inkişafını müzakirə ediblər

İYUN 20, 2025

Azərbaycanın Energetika Nazirliyi ilə BP arasında mövcud enerji layihələrinin icrası və yaşıl enerji dəhlizi ilə enerji interkonnektorlarının inkişafı ilə bağlı müzakirələr aparılıb. Bu barədə Report Energetika Nazirliyinə istinadən məlumat verir.

Energetika naziri Pərviz Şahbazovun BP-nin baş icraçı direktoru Mörrey Auchinclossun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə birgə əməkdaşlığın gedişi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrindəki əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji təhlükəsizliyinin, ətraf mühitin mühafizəsi və davamlılığın təmin olunmasında müxtəlif enerji mənbələrindən istifadənin mühüm rolu vurğulanıb. Bu kontekstdə Azərbaycanın nümunəvi ölkə olduğu qeyd edilib və BP ilə neft-qaz sektorunda başlanan uğurlu əməkdaşlığın hazırda Şəfəq Günəş Elektrik Stansiyası kimi bərpa olunan enerji layihəsi ilə davam etdiyi diqqətə çatdırılıb.

Bundan əlavə, qlobal enerji bazarlarında inkişaf meyilləri ətrafında da fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunmuş regional prezidenti Covanni Kristofolinin gələcək fəaliyyətinə dəstək ifadə olunub. O, görüşdə iştirak edən nümayəndə heyətinin tərkibində yer alıb.

https://report.az/en/energy/azerbaijan-bp-mull-implementation-of-green-energy-corridor-and-interconnectors/