İtaliya Respublikasının Müəssisələr və "Made in Italy" Məhsulları üzrə naziri Adolfo Urso rəsmi səfərlə Azərbaycana gəlib.
Səfər çərçivəsində nazir Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında gücü 1280 MVt olan yeni kombinə olunmuş dövrlü elektrik stansiyasının açılış mərasimində iştirak edəcək. Bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən böyük enerji infrastrukturu layihəsidir.
Yeni stansiya ölkədə fəaliyyət göstərən istilik elektrik stansiyaları arasında ən yüksək səmərəliliyə malik olmaqla, istehsal olunan hər kilovat-saat elektrik enerjisi üçün ən az qaz sərfiyyatı ilə fərqlənəcək. Bu, ölkənin enerji təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından əhəmiyyətli addımdır.
Layihənin istifadəyə verilməsinə hazırlıq çərçivəsində “Azərenerji”nin mütəxəssisləri İtaliya və Çində geniş təlim proqramlarından keçiblər. Eyni zamanda, Mingəçevir stansiyası xarici mütəxəssislərin diqqət mərkəzində olub və bir sıra beynəlxalq şirkət nümayəndələri tərəfindən dəfələrlə ziyarət edilib. Hal-hazırda turbinalar, generatorlar və avtomatlaşdırılmış sistemlərin idarə olunması üzrə ixtisaslaşdırılmış kadr hazırlığı davam etdirilir.
https://report.az/en/energy/italian-minister-to-attend-opening-of-new-power-plant-in-azerbaijan/