XƏBƏRLƏR

Ukrayna Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan ilə strateji əlaqələrin əhəmiyyətini vurğulayıb

İYUL 14, 2025

Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlığa böyük önəm verir və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində qərarlıdır. Bu fikirləri Ukraynanın energetika naziri German Qaluşçenko iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının (HAK) 13-cü iclasında səsləndirib.

Komissiyanın plenar iclasından əvvəl HAK-ın həmsədrləri – Azərbaycan energetika naziri Pərviz Şahbazov və Ukrayna energetika naziri German Qaluşçenko arasında görüş keçirilib. Nazirliyin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq ifadə olunub, əməkdaşlığın müxtəlif sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Hibrid formatda keçirilən HAK iclasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, energetika, nəqliyyat, elm və təhsil, mədəniyyət, eləcə də informasiya və kommunikasiya texnologiyaları sahələrində mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Pərviz Şahbazov Komissiya çərçivəsində Fəaliyyət Planının qəbul edilməsinin əməkdaşlığı yeni mərhələyə qaldıracağını, enerji, faydalı qazıntılar, kənd təsərrüfatı və digər perspektivli sahələrdə, həmçinin sənaye parkları və azad iqtisadi zonalarda mövcud imkanlardan daha geniş istifadə edilməsinə şərait yaradacağını bildirib.

Ukrayna energetika naziri Qaluşçenko isə iki ölkəni güclü tarixi əlaqələrin, qarşılıqlı hörmətin, regional əməkdaşlıq və dayanıqlı inkişafla bağlı ortaq baxışların birləşdirdiyini vurğulayıb: “Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Ukraynaya enerji avadanlığı ilə dəstək göstərən ilk ölkələrdən biri olub və bu dəstək enerji sahəsində bizim üçün həyati əhəmiyyət daşıyıb. İnanırıq ki, bu görüş ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsi üçün yeni birgə təşəbbüslərin müəyyən olunmasına imkan yaradacaq.”

İclasın sonunda Protokol imzalanıb və Hökumətlərarası Komissiyanın növbəti – 14-cü iclasının Kiyevdə keçirilməsi barədə qərar qəbul edilib.

https://report.az/en/energy/minister-galushchenko-azerbaijan-s-support-with-energy-equipment-played-vital-role-for-ukraine/