Azərbaycan-Vyetnam Biznes Forumu və Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının ilk iclası iqtisadi, ticarət və elmi-texniki sahələrdə əməkdaşlığa dair Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyasının üçüncü iclası ərəfəsində keçirilib. Tədbirin açılışında Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət nazirinin müavini Nquyen Hoanq Lonq və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.
Vyetnamın Sənaye və Ticarət nazirinin müavini Nquyen Hoanq Lonq bildirib ki, Azərbaycan Qafqaz regionunda Vyetnamın ilk strateji tərəfdaşıdır. Bu, ölkələrimiz arasında dərin siyasi etimadı və geniş əməkdaşlıq potensialını əks etdirir. Vyetnamın Sənaye və Ticarət Nazirliyi və aidiyyəti qurumlar Azərbaycanla sıx əməkdaşlığa və şirkətlər üçün imkanlar yaratmağa hazırdır.
Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, Azərbaycan-Vyetnam dostluğu artıq yarım əsrdən çoxdur davam edir və bu ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı qəbul olunmuş Birgə Bəyanatla münasibətlər strateji səviyyəyə yüksəlib. Bu möhkəm əsas üzərində formalaşan Biznes Forumu və Birgə Şura qarşılıqlı faydalı əməkdaşlığı yeni mərhələyə daşımaq, ticarət dövriyyəsini və investisiya axınlarını artırmaq, iqtisadi əlaqələri dərinləşdirmək baxımından önəmli platformadır. Bildirilib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi mərhələsinə qədəm qoyub və xarici investorlar üçün rəqabətli və sabit mühit yaradıb. Son 20 ildə ölkə iqtisadiyyatına yatırılan təxminən 350 milyard ABŞ dollarının yarıdan çoxunun xarici investisiyalar hesabına olması bu etimadın göstəricisidir. Eyni zamanda sənaye zonaları, azad iqtisadi zonalar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları Azərbaycanın geniş coğrafiyada strateji iqtisadi mərkəzə çevrilməsini təmin edib. Həmçinin Azərbaycanın bərpaolunan enerji potensialı və yaşıl enerji dəhlizləri hesabına bir çox ölkənin enerji təhlükəsizliyində rolu daha da artır. Nazir Pərviz Şahbazov bildirib: “Vyetnam şirkətləri üçün Azərbaycan yalnız 10 milyonluq daxili bazar deyil, həm də Qafqaz, Mərkəzi Asiya və Avropa regionlarına strateji qapıdır. Eyni zamanda Vyetnam Azərbaycan şirkətləri üçün sürətlə inkişaf edən, innovasiyaya açıq və strateji əhəmiyyətli Asiya bazarıdır. Sahibkarları hər iki ölkədə investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogen və bərpaolunan enerji sahələrində informasiya mübadiləsinə, qarşılıqlı biznes missiyalarının təşkilinə, mövcud imkanlardan faydalanmağa, birgə müəssisələrin yaradılmasına və konkret layihələrə investisiya yatırmağa dəvət edirik.”
Tədbir çərçivəsində VINEN və AZPROMO, Phong Phu Corporation və GP Cotton Holdings, Tuong Vu JSC və Fresh-Meat, ANC Group MMC və 7 Center, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi nəzdində Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) ilə ROX Group SC arasında əməkdaşlıq sənədləri imzalanıb. AREA və ROX Group SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədənkənar və şəbəkəyə qoşulmuş günəş elektrik sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahələrində əməkdaşlığı nəzərdə tutur.
https://renewables.az/en/news/memorandum-of-understanding-on-cooperation-in-the-field-of-renewable-energy-was-signed-between-azerbaijan-and-vietnam