Özbəkistanın dövlət şirkəti "Uzbekneftegaz" Azərbaycan şirkəti "Master Tools" MMC ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə görüş keçirib, bu barədə "Uzbekneftegaz" məlumat yayıb.
Görüş zamanı neft-qaz sənayesinin ehtiyaclarına uyğun avadanlıqların tədarükü, istehsalın lokallaşdırılması və müasir texnoloji həllərin tətbiqi daxil olmaqla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər istehsal proseslərinin səmərəliliyinin artırılması və sənayenin texniki yenidən təchizatı məqsədilə birgə layihələrin həyata keçirilməsi və sənaye əməkdaşlığının perspektivlərini nəzərdən keçiriblər. Görüşdə təcrübə mübadiləsi və qabaqcıl mühəndislik həllərinin tətbiqinə xüsusi diqqət yetirilib.
"Master Tools" şirkəti mütəxəssislərin hazırlanması üçün əlavə elektrod və kabelə ehtiyac duymayan innovativ qaynaq cihazını təqdim edib.
Görüşün yekununda tərəflər qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və təkliflər üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, "Master Tools" MMC SOCAR və BP üçün əsas avadanlıq təchizatçılarından biridir. Şirkət "Mille" markası altında qaynaq avadanlıqları ilə yanaşı, neft-qaz platformaları, tikinti, istehsalat, kənd təsərrüfatı, nəqliyyat, energetika, dağ-mədən, maşınqayırma, kimya və digər sənaye sahələri üçün zəruri avadanlıqların tədarükü ilə məşğuldur.
https://report.az/en/energy/uzbekneftegaz-azerbaijani-company-mull-possibility-of-implementing-joint-projects/