Azərbaycan Energetika Nazirliyi ilə Keniya Neft və Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
Report xəbər verir ki, sənəd neft və qaz (xüsusilə maye təbii qaz – LNG), elektrik enerjisi və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığı əhatə edir. Memorandum həmçinin birgə investisiyaların təşviqi və enerji infrastrukturunun, xüsusilə elektrik şəbəkələrinin modernləşdirilməsi istiqamətində inkişafını nəzərdə tutur.
Bu təşəbbüs Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasını genişləndirməyə və yeni bazarlara çıxış imkanlarını artırmağa yönəlib. Keniya ilə bu yeni razılaşma Bakı üçün enerji diplomatiyasını daha da gücləndirmək və beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək baxımından mühüm addım hesab olunur.
https://report.az/en/energy/azerbaijan-and-kenya-sign-memorandum-on-energy-cooperation/