BP Azərbaycanda bərpa olunan enerji texnologiyaları üzrə tədrisin keyfiyyətini artırmağa yönəlmiş genişmiqyaslı peşə təhsili layihəsinin uğurla başa çatdığını elan edib.
Şirkətin məlumatına görə, bu təşəbbüs BP və onun tərəfdaşlarının ölkədə təhsil və dayanıqlı inkişaf sahəsində öhdəliklərinin bir hissəsidir.
Layihənin məqsədi peşə məktəblərinin şagirdləri və müəllimlərini sürətlə inkişaf edən bərpa olunan enerji sektoruna uyğun nəzəri bilik və praktiki bacarıqlarla təmin etmək olub. Layihə iki əsas komponentdən ibarət idi.
Birinci komponent – bərpa olunan enerji üzrə tədris emalatxanalarının yaradılmasıdır. Belə iki müasir və tam avadanlıqlı emalatxana yaradılıb – biri Bakı Dövlət Tikinti və Quraşdırma üzrə Peşə Təhsil Mərkəzində, digəri isə Bakı Dövlət Texnika və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzində. Bu innovativ mərkəzlər real bərpa olunan enerji ssenarilərinə əsaslanan immersiv və praktiki tədris təcrübəsi təqdim edir. Hər bir emalatxana günəş və külək enerjisi sistemləri ilə təchiz olunub ki, bu da tələbələrə sənaye standartlarına uyğun bacarıqları inkişaf etdirməyə imkan verir.
İkinci komponent isə iqlim dəyişmələri və ətraf mühit üzrə təlim modulunun hazırlanaraq peşə təhsili proqramına inteqrasiya edilməsini əhatə edib. Modulda qlobal istiləşmə elmi və onun təsirləri, insan amilinin iqlim dəyişməsinə təsiri, bərpa olunan enerji vasitəsilə yumşaldıcı strategiyalar, enerji səmərəliliyi və dayanıqlı inkişaf mövzuları əhatə olunur.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Azərbaycanda peşə təhsil sisteminə və bərpa olunan enerji sektoruna uzunmüddətli töhfə verəcək bir layihəni uğurla başa vurduğumuz üçün qürur duyuruq. Layihə tələbələr üçün bərpa olunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlər üçün isə tədris imkanlarını artırmaq baxımından dəyərli imkanlar yaradır. Ən əsası isə, gənc mütəxəssislər arasında dayanıqlı iqlim maarifçiliyini və ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq edir – bu isə Azərbaycanın enerji keçidinə uyğun ixtisaslı kadr bazasının formalaşmasına töhfə verir.”
Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən icra olunub. 2024-cü ilin may ayında başlayan layihə 2025-ci ilin iyul ayında başa çatıb və ümumi dəyəri 322,000 manat (təxminən 189,400 ABŞ dolları) təşkil edib.
https://renewables.az/en/news/bp-completes-vocational-education-project-on-renewable-energy-in-azerbaijan