Rumıniyanın energetika naziri Boqdan-Gruiya İvan Azərbaycanla ölkəsinin enerji sahəsində güclü strateji dialoqunu təsdiqləyib və bərpa olunan enerji sahəsində əməkdaşlığın getdikcə daha çox önəm qazandığını bildirib.
Report xəbər verir ki, nazir qeyd edib: “Hazırda konkret günəş və ya külək enerjisi layihələri üzrə danışıqlar aparılmasa da, hər iki ölkə yaşıl enerji sahəsində birgə təşəbbüsləri irəli aparmaqda qarşılıqlı maraq nümayiş etdirir.”
Boqdan-Gruiya İvan vurğulayıb ki, Azərbaycan strateji enerji istehsalçısı kimi önəmli rola malikdir, Rumıniya isə Avropa İttifaqının üzvü olaraq enerji təchizatını diversifikasiya etməyə və enerji təhlükəsizliyini möhkəmləndirməyə çalışır:
“Azərbaycanla əməkdaşlıq üçün ən perspektivli sahələr kimi təbii qaz idxalı, yaşıl elektrik enerjisinin ötürülməsi, Qara dəniz enerji nəqli infrastrukturunun inkişafı və regional enerji təhlükəsizliyi görünür.”
Nazirin sözlərinə görə, bu istiqamətlər Aİ-nin enerji şaxələndirilməsi, yaşıl keçid və geosiyasi dayanıqlılıqla bağlı prioritetləri ilə üst-üstə düşür.
Bu açıqlamalar Rumıniyanın Azərbaycanla təkcə ənənəvi enerji (hidrokarbon) sahəsində deyil, həm də bərpa olunan enerji istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətini ortaya qoyur və iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
https://renewables.az/en/news/minister-romania-and-azerbaijan-boost-cooperation-in-renewable-energy