2027-2028-ci illərdə Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkında yaşıl hidrogen istehsalına başlanması planlaşdırılır. Bu barədə Azərbaycan-Bolqarıstan birgə müəssisəsi olan Caspian Lubricants Recycling şirkətinin baş direktoru, Bolqarıstanın Torec Engineering şirkətinin rəhbəri Kalin Runtev Report-a məlumat verib.
Runtevin sözlərinə görə, əgər şirkətin planlaşdırdığı zavod bu ilin noyabr–dekabr aylarında istismara verilərsə, növbəti mərhələdə müəssisə yaşıl elektriklə təmin ediləcək və ardından yaşıl hidrogen istehsalına start veriləcək. “Hidrogen həm yanacaq, həm də II qrup baza yağlarının (hidroemal, hidrokrakinq, distillat fraksiyaları və s.) istehsalı üçün xammal kimi istifadə olunacaq. Bu, bizi Cənubi Qafqazdan Pakistana qədər olan ərazidə unikal edəcək — ən yaxın oxşar istehsal müəssisəsi 3 000 kilometr məsafədə yerləşir,” – deyə o bildirib.
Hidrogen istehsalı üzrə layihəqabağı işlər 2026-cı ildə başlayacaq. Zavodun və II qrup yağ istehsalının 2027–2028-ci illərdə istifadəyə verilməsi planlaşdırılır. Runtev qeyd edib ki, yaşıl hidrogen yerli resurslardan istifadə edilməklə, suyun elektrolizi vasitəsilə istehsal olunacaq.
Şirkət hazırda Avropa və Çin istehsalçıları ilə elektroliz avadanlıqlarının tədarükü üzrə danışıqlar aparır. Yekun qərar biznes plan təsdiqləndikdən sonra səhmdarlar tərəfindən veriləcək. Beynəlxalq tərəfdaşların iştirakı imkanları da müzakirə olunur, lakin hələlik konkret razılaşma əldə edilməyib.