XƏBƏRLƏR

Yunanıstan günəş enerjisindən hidrogen istehsal edərək TAP ilə ixrac edə bilər

MAY 05, 2021

Yunanıstanın qaz, neft və inşaat şirkətləri, tədqiqat qurumları və xarici tərəfdaşlar "White Dragon" ("Ağ Əjdaha") layihəsinin inkişafına dair güclərini birləşdiriblər.

“Report”un xarici mətbuatına istinadən verdiyi məlumata görə, qiymətləndirmələrə əsasən, yaşıl hidrogen layihəsinin dəyəri 2,5 milyard avro təşkil edəcək, lakin bu göstərici 4 milyard avroyadək arta bilər.

Mayın 7-nə qədər Avropa Komissiyası Avropa Təmiz Hidrogen İttifaqının üzvlərindən bərpa olunan və az karbonlu hidrogen texnologiyaları üzrə təklifləri qəbul edəcək. Bu, yunan şirkətləri və onların tərəfdaşları üçün "White Dragon" layihəsini inkişaf etdirmək üçün bir fürsətdir. Koalisiya layihənin "Hydrogen Europe" proqramı çərçivəsində Avropa əhəmiyyətli layihə (İPCEİ) statusunu almaq üçün artıq müraciət edib.

Məlumata görə, layihə 1,5 QVt gücündə fotoelektrik panelləri quraşdırılmaqla günəş enerjisindən hidrogenin istehsal edilməsini nəzərdə tutur.

Gözlənilir ki, sistem Yunanıstanın qəhvəyi lömür nüvəsi olan Qərbi Makedoniyada quraşdırılacaq. Ölkə 2025-ci ilə qədər kömür istifadəsindən imtina etmək niyyətindədir.

Xatırladaq ki, “White Dragon” layihəsi yaşıl hidrogen texnologiyasına əsaslanıb. Bu isə o deməkdir ki, yanacaq bərpa olunan mənbələrdən alınan elektrik enerjisindən istifadə edərək sudan əldə edilir. Eyni zamanda bu hidrogenin qaz boru kəmərlərinə qoşulması nəzərdə tutulur. Layihə mərkəzi istilik, Trans-Adriatik boru kəməri (TAP) ilə ixrac və avtobus, həmçinin yük maşınlarına yanacaq doldurulması üçün nəzərdə tutulub.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

https://report.az/energetika/yunanistan-gunes-enerjisinden-hidrogen-istehsal-ederek-tap-ile-ixrac-ede-biler/