XƏBƏRLƏR

Qətər İnkişaf Fondu ilə Türk İnvestisiya Fondu Türkdilli Ölkələrdə Birgə Layihələr Həyata Keçirməyi Müzakirə edir

YANVAR 27, 2026

Qətər İnkişaf Fondu (QFFD) Türk İnvestisiya Fondu (TİF) ilə əməkdaşlığı xüsusilə türkdilli dövlətlər, o cümlədən Mərkəzi Asiya ölkələri üzrə genişləndirmək istəyini bildirib.

"Report" agentliyinin məlumatına görə, QFFD-nin Baş Direktoru Fahad Hamad Al-Sulaiti bu məsələni TİF-in Prezidenti Bağdad Amreyev ilə keçirdiyi görüşdə qeyd edib. Al-Sulaitinin açıqlamasına əsasən, tərəflər ilkin mərhələdə enerji, təbii sərvətlər və ixracın artırılması sahələrindəki layihələrə üstünlük verəcəklər.

TİF-in Prezidenti Bağdad Amreyev isə təklif olunan əməkdaşlığı praktiki şəkildə dəstəklədiyini ifadə edərək, fəaliyyətin birgə layihə portfelinin formalaşdırılması, strukturlaşdırma və maliyyələşdirmə əsasında qurulmasını təklif edib. O, həmçinin qısa və orta müddətli prioritet istiqamətlərin müəyyənləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Görüşdə iştirak edən tərəflər texniki əməkdaşlıq üzrə razılığa gəliblər. Əməkdaşlığın ilk addımı kimi anlaşma memorandumunun imzalanması, daha sonra isə hər iki təşkilatın prioritetlərinə uyğun pilot layihələr paketinin hazırlanması planlaşdırılır.

Tərəflər, əməkdaşlıq genişləndikcə, Ərəb Koordinasiya Qrupunun platformasından da faydalanaraq fəaliyyətlərini uyğunlaşdırmağı da nəzərdə tutur.

Xatırladaq ki, Türk İnvestisiya Fondu Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci ildə Səmərqənddə keçirilən Zirvə toplantısında yaradılması qərara alınıb. Fondun yaradılması sazişi 2023-cü ildə Ankarada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən imzalanıb və 2024-cü ilin fevralında qüvvəyə minib. Macarıstanın fonda qoşulması ilə TİF-in nizamnamə kapitalı 100 milyon dollar artaraq 600 milyon ABŞ dollarına çatıb. Fondun növbəti beş il ərzində kapitalını daha da artırmaq planı var.

https://report.az/energetika/qeter-inkisaf-fondu-tif-ile-birlikde-turkdilli-olkelerde-enerji-layihelerini-maliyyelesdirmeye-hazirdir