XƏBƏRLƏR

Çin Mətbuatı: Azərbaycanda Yaşıl Enerji Sahəsində Əməkdaşlıq Uğurla Həyata Keçirilir

YANVAR 27, 2026

Çinin rəsmi Sinxua agentliyi Azərbaycanda həyata keçirilən böyükhəcmli yaşıl enerji layihələri ilə bağlı geniş məqalə dərc edib.

“Çin inşaatçıları Azərbaycana yaşıl enerjiyə keçiddə necə kömək edir?” başlıqlı materialda Xızı-Abşeron külək elektrik stansiyasının tikintisi prosesi təsvir olunur. Materialda Çinin “PowerChina Huadong Engineering Corporation Limited” (HDEC) şirkətində çalışan yerli mühəndis Sarvan Qəhrəmanovun sözlərinə istinad edilərək deyilir: “İki il əvvəl bura ancaq çılpaq təpələrdən ibarət idi, külək isə hər yeri toza bürüyürdü. İndi isə bu silsilədə qar kimi ağ turbinlər ucalır.”

240 MVt gücündə olan bu stansiya, ölkənin ən böyük külək energetika obyektidir. Məqalədə qeyd olunur ki, stansiya ildə təxminən 1 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək, bu da 300 mindən çox ailənin ehtiyacını ödəmək üçün kifayətdir. Obyektin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev onun ölkənin enerji gücünü artıracağını və dayanıqlı inkişafa töhfə verəcəyini vurğulayıb.

Layihədə iştirak edən elektrik mühəndisi Adil Həsənov Çin şirkəti ilə əməkdaşlığın əhəmiyyətini belə qiymətləndirib: “Çin, yaşıl enerji sahəsində qabaqcıl texnologiyaları və güclü mühəndislik imkanları ilə seçilir. Bu birgə iş həm ölkəmiz, həm də bizim mütəxəssislərimiz üçün böyük fayda gətirir.”

Layihə meneceri Çjou Lun isə tikintinin çətinliklərini xatırladaraq deyib: “Daşqınlar, qarlı keçidlər və güclü səhra küləkləri bizim üçün sınaq oldu. Amma bütün komponentləri təhlükəsiz çatdırdıq və vəzifəmizi yerinə yetirdik.”

Məqalədə həmçinin vurğulanır ki, tikinti zamanı yerli əhali üçün 200-dən artıq iş yeri açılıb, qurulan yeni yol infrastrukturu ucqar yaşayış məntəqələrinin təchizatını asanlaşdırıb.

Azərbaycanın 2030-cu ilə qədər istixana qazı tullantılarını 35% azaltmaq hədəfinə işarə edilən materialda qeyd olunur ki, bu stansiya ildə 220 milyon kubmetr təbii qaza qənaət edəcək və karbon tullantılarını 400 min ton azaldacaq.

Layihənin investoru “ACWA Power”in direktoru İbrahim Adar Çin şirkətlərinin peşəkarlığını yüksək qiymətləndirərək bildirib: “Onlar bütün mərhələlərdə yüksək texniki bacarıq və səmərəlilik nümayiş etdirdilər. ‘ACWA Power’ Çini qlobal enerji keçidində əsas strateji tərəfdaş hesab edir və gələcəkdə bərpa olunan enerji layihələrində əməkdaşlığı daha da genişləndirməyə ümid edir.”

https://renewables.az/az/news/inin-r-smi-agentliyi-az-rbaycanla-ya-l-enerji-sah-sind-m-kda-l-qdan-yaz-b