XƏBƏRLƏR

Təmiz Enerji Mərkəzinin Bu İllik Planları Açıqlandı

YANVAR 27, 2026

Təmiz Enerji Mərkəzi bu il ərzində bir sıra prioritet layihələrə start verməyi planlaşdırır.

Mərkəzin icraçı direktoru Aysel Yaqubova "Report"a verdiyi açıqlamada qeyd edib ki, ilk növbədə İqtisadi Əməkdaşlıq Tşkilatının (İƏT) region ölkələri üçün enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində qanunvericilik toplusu hazırlanacaq. Yaqubova vurğulayıb ki, "Bu toplu təkcə qanunların yığımından ibarət olmayacaq. Eyni zamanda, investorlar və beynəlxalq təşkilatlar kimi müxtəlif auditoriyalar üçün xüsusi xülasələr də təqdim olunacaq."

Digər planlaşdırılan layihələr isə region ölkələrinin ehtiyacları əsasında onların ekspertlərinin bilik və bacarıqlarının artırılmasına yönəlib.

Açıqlamada qeyd olunur ki, Mərkəzin əsas tərəfdaşları BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) və onun Qlobal Təmiz Enerji Mərkəzləri Şəbəkəsi (GN-SEC), həmçinin Beynəlxalq Bərpa Olunan Enerji Agentliyidir (İRENA).

Yaqubova bildirib: "Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də təkcə bilik artımı ilə məhdudlaşmır, həm də regionda həyata keçiriləcək layihələr üçün donor təşkilatların tapılmasıdır."

O, həmçinin Mərkəzin hal-hazırda İRENA, UNİDO, GN-SEC və İƏT ilə yanaşı, Mərkəzi Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrinin olduğunu bildirib.