XƏBƏRLƏR

Pərviz Şahbazov: Azərbaycan enerji keçidi prosesində əhəmiyyətli irəliləyişlər əldə edib

YANVAR 29, 2026

Energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının (WPC Energy) prezidenti Pedro Miras ilə görüş keçirib.

Nazirliyin yaydığı məlumata görə, tərəflər qlobal enerji gündəliyindəki aktual məsələləri, regional enerji layihələrini və Azərbaycanın Dünya Neft Şurası ilə əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.

Nazir Pərviz Şahbazov qeyd edib ki, Azərbaycan ənənəvi neft-qaz ixracatçısı olmasına baxmayaraq, enerji keçidi istiqamətində də mühüm nailiyyətlər əldə edib. Son illərdə enerji sektorunda genişmiqyaslı islahatlar aparılıb, çoxsaylı normativ-hüquqi sənədlər qəbul olunub və bərpa olunan enerji mənbələrinin inkişafı sürətləndirilib.

O vurğulayıb ki, Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücündə payın 30 faizə çatdırılmasını hədəfləyib. Hazırda isə bu göstəricinin 2027-ci ilə qədər 33,7 faizə yüksəldilməsi planlaşdırılır. Bu, ölkənin enerji keçidi prosesində ciddi irəliləyiş əldə etdiyini və bu istiqamətdə işlərin davam etdiriləcəyini göstərir.

Görüşdə Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən enerji bağlantıları vahid konsepsiya çərçivəsində qiymətləndirilib. Bildirilib ki, bu layihələr enerji sistemlərinin inteqrasiyasını gücləndirir, regional enerji təhlükəsizliyinə töhfə verir və enerji, rəqəmsal infrastruktur və məlumat mərkəzlərinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.

Dünya Neft Şurasının prezidenti Pedro Miras Azərbaycanın Asiya ilə Avropa arasında açar enerji dəhlizi rolunu xüsusi qeyd edərək, ölkənin müxtəlif enerji yanaşmaları arasında dialoqu təşviq edən nümunəvi model olduğunu vurğulayıb.

Müzakirə zamanı 2026-cı ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək “WPC Energy” Konqresində iştirak və təşkilatla gələcək əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.

https://renewables.az/az/news/p-rviz-ahbazov-az-rbaycan-enerji-ke-idi-istiqam-tind-ir-lil-yi-l-r-nail-olub