Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüş keçirib.
Nazirliyin məlumatına görə, görüşdə Azərbaycan-Avropa İttifaqı (Aİ) enerji tərəfdaşlığının prioritet istiqamətləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki rolu və yeni ölkələrin Azərbaycan qazının alıcıları sırasına qoşulması məsələləri müzakirə olunub.
Bildirilib ki, ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib. Təbii qazla yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi və digər aktual sahələr Azərbaycanla Aİ arasında imzalanmış Anlaşma Memorandumunda öz əksini tapıb və bu sənəd ikitərəfli enerji əlaqələrinin əsasını təşkil edir.
Görüşdə elektrik enerjisinin regional ötürülməsi layihələri, xüsusilə Qara dənizdən, Naxçıvan və Gürcüstan üzərindən planlaşdırılan bağlantılar diqqət mərkəzində olub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin 2026-2036-cı illər üzrə Şəbəkə İnkişaf Planına (TYNDP) daxil edilməsi və “Ortaq Maraqlar Layihəsi” (PMI) statusunun əldə olunması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan və Türkiyəni birləşdirəcək yeni marşrutun Mərkəzi Asiya ilə Avropanı əlaqələndirən strateji enerji dəhlizi kimi potensialı vurğulanıb.
Söhbət zamanı bərpa olunan enerji layihələrinin, xüsusilə günəş və külək enerjisinin istehsalı və ötürülməsi sahəsində Avropa şirkətləri ilə əməkdaşlıq imkanları geniş müzakirə edilib. Azərbaycan-Aİ Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində birgə fəaliyyət məsələləri də nəzərdən keçirilib.
https://renewables.az/az/news/az-rbaycan-n-b-rpa-olunan-enerji-layih-l-rind-avropa-irk-tl-ri-il-m-kda-l-q-imkanlar-m-zakir-edilib