XƏBƏRLƏR

Azərbaycan Dünya Bankı ilə enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib

YANVAR 29, 2026

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer və Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüş keçirib.

Nazirliyin məlumatına görə, görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən cari layihələr, gələcək əməkdaşlıq perspektivləri, xüsusilə bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlama sistemləri, damüstü günəş enerjisi və regional enerji layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişatını müzakirə edib və layihənin bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıblar. Məlumat mərkəzləri və süni intellektin artan enerji tələbatı, elektromobillərin yayılması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Dünya Bankı ilə əməkdaşlıq imkanları da geniş müzakirə edilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “Gürcüstan-Rumıniya Qara dəniz Sualtı Kabeli” layihələrinin qarşılıqlı əlaqəsi, bu təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinə töhfəsi və regional inteqrasiyada oynadığı rol diqqət mərkəzində olub. Azərbaycanın regional enerji təchizatçısı kimi rolunun elektrik enerjisi ilə yanaşı, qaz ixracı istiqamətində də genişlənməsi perspektivlərinə toxunulub.

Söhbət zamanı enerji səmərəliliyi sahəsində görülən işlər və gələcək addımlar da müzakirə olunub. İctimai binalarda enerji istehlakının azaldılması potensialı, Enerji Effektivliyi Fondunun fəaliyyəti və beynəlxalq təcrübənin tətbiqi imkanları dəyərləndirilib. Bu istiqamətdə texniki yardım və bilik mübadiləsinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

https://renewables.az/az/news/az-rbaycan-d-nya-bank-il-energetika-sah-sind-m-kda-l-m-zakir-edib