XƏBƏRLƏR

“Şaquli Qaz Dəhlizi” ölkələrinin enerji nazirləri fevral sonunda Vaşinqtonda bir araya gələcək

YANVAR 30, 2026

Yunanıstanın təşəbbüsü ilə Cənub-Şərqi Avropa və Ukraynaya təbii qaz tədarükü üçün nəzərdə tutulan “Şaquli Qaz Dəhlizi” layihəsində iştirak edən ölkələrin enerji nazirlərinin növbəti görüşü fevral ayının sonunda ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou və ABŞ Energetika Nazirliyinin Avropa, Avrasiya, Afrika və Yaxın Şərq üzrə köməkçi katibinin müavini Coşua Volts “Afina Enerji Sammiti”ndə çıxışları zamanı məlumat veriblər.

Bəyanatlar forum təşkilatçıları tərəfindən yayılıb.

Coşua Volts vurğulayıb ki, layihə əvvəllər əməkdaşlıq etməyən ölkələri bir araya gətirir və bu, ən böyük çətinliklərdən biridir: “Boru kəmərlərinin dağlardan çəkilməsi kimi texniki hissə nisbətən asandır. Ən mürəkkəb məsələ tərəfdaşları öhdəlik götürməyə inandırmaqdır. Əgər layihə kommersiya baxımından sərfəli deyilsə, heç kim üçün sərfəli olmayacaq”.

Onun sözlərinə görə, Yunanıstandan Ukraynaya qədər uzanan koordinasiya prosesi bütün iştirakçıların aydın iqtisadi fayda görməsini tələb edir: “Bu, xeyriyyəçilik layihəsi deyil. Dəhliz artıq fəaliyyətdədir, lakin indi oradan yalnız bir neçə damcı axır. Biz qazın daşqınlarına keçmək istəyirik”.

Volts elan edib ki, mövcud problemləri müzakirə etmək və layihəni irəli aparmaq üçün fevral ayının sonunda nazirlər səviyyəsində görüş keçiriləcək. Məsləhətləşmələr ilin sonuna qədər intensiv şəkildə davam etdiriləcək.

Xatırladaq ki, “Şaquli Qaz Dəhlizi” təşəbbüsü (Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna) Şərqi Aralıq dənizindəki terminallardan Moldova və Ukraynaya qaz tədarükü marşrutunun formalaşdırılmasını hədəfləyir.

Layihə Yunanıstandan Bolqarıstan, Rumıniya, Moldova, Slovakiya, Macarıstan və Ukraynanın yeraltı qaz anbarlarına qaz nəqlini təmin etməyə imkan verəcək.

Tədarük mənbələri Cənub Qaz Dəhlizi ilə Yunanıstana daxil olan Azərbaycan qazı və dünyanın müxtəlif bölgələrindən Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına çatdırılan LNG olacaq.

Beləliklə, Yunanıstanın Aleksandrupolis şəhərindəki LNG terminalı, Revitus adasındakı modernləşdirilmiş reqazifikasiya stansiyası və Trans-Adriatik Boru Kəməri (TAP) “Şaquli Qaz Dəhlizi”nin əsas komponentləri kimi çıxış edəcək.

https://report.az/energetika/saquli-qaz-dehlizi-olkelerinin-enerji-nazirleri-gelen-ay-abs-de-gorusecekler