XƏBƏRLƏR

Almaniya şirkəti Azərbaycanın Milli Hidrogen Strategiyasının tətbiq planını hazırlayacaq

YANVAR 30, 2026

Energetika Nazirliyində Azərbaycan Milli Hidrogen Strategiyasının icrası üzrə İşçi Qrupun və Almaniyanın “DNV Energy Systems Germany GmbH” şirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanda hidrogen istehsalı üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Bildirilib ki, “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsinin birinci mərhələsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə “Hidrogen üzrə Milli Strateji Baxış” sənədi hazırlanaraq COP29 çərçivəsində təqdim olunub.

Layihənin ikinci mərhələsinin icrası üçün AYİB-in dəstəyi ilə keçirilən tenderin nəticələrinə əsasən “DNV Energy Systems Germany GmbH” şirkəti qalib seçilib. Şirkət cari ilin birinci yarısında Milli Hidrogen Strategiyasının Tətbiq Planını hazırlayacaq.

İclasda “DNV Energy Systems Germany GmbH” şirkətinin nümayəndəsi İlka Levinqton Azərbaycanın Milli Hidrogen Strategiyasının icrası ilə bağlı təqdimatla çıxış edib. Hidrogen istehsalı ilə bağlı hüquqi və digər məsələlər ətrafında müzakirələr aparılıb, növbəti mərhələ üçün prioritet istiqamətlər müəyyənləşdirilib və İşçi Qrupu qarşısında konkret hədəflər və tapşırıqlar üzrə razılıq əldə olunub.

Qeyd edək ki, “DNV Energy Systems Germany GmbH” Norveçin tanınmış DNV şirkətinin Almaniyadakı törəmə strukturudur.

https://renewables.az/az/news/almaniya-irk-ti-az-rbaycan-milli-hidrogen-strategiyas-n-n-t-tbiq-plan-n-haz-rlayacaq