XƏBƏRLƏR

Milli Məclis minimum əməkhaqqının illik yenidən baxılması qərarını qəbul etdi

FEVRAL 16, 2026

Azərbaycan parlamenti Əmək Məcəlləsinə dəyişiklik edərək, minimum əməkhaqqının məbləğinə ildə ən azı bir dəfə yenidən baxılmasını qanuniləşdirib.

Busaat.az xəbər verir ki, müvafiq qanun layihəsi Milli Məclisin yaz sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.

Dəyişikliyə əsasən, minimum əməkhaqqının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli qurumun təklifləri əsasında, həmin orqan tərəfindən ildə bir dəfədən az olmayaraq nəzərdən keçiriləcək.

Qeyd olunub ki, minimum əməkhaqqı işçilərin minimum yaşayış səviyyəsinin təmin edilməsi baxımından əsas sosial müdafiə mexanizmlərindən biridir və bu məsələ Beynəlxalq Əmək Təşkilatı (BƏT) daxil olmaqla, bir sıra beynəlxalq qurumlar tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Dünya Bankı Qrupunun “Business Ready” (B-READY) hesabatında isə minimum əməkhaqqının dövri olaraq yenilənməsinin qanunvericilikdə məcburi tələb kimi təsbit edilməməsi Azərbaycanın bal itirdiyi göstəricilərdən biri kimi qeydə alınıb.

Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Baş nazirin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiqlənmiş “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı islahat tədbirləri çərçivəsində Əmək Məcəlləsinə müvafiq düzəlişlər hazırlanaraq parlamentə təqdim edilib.

Layihənin qəbulu minimum əməkhaqqının müəyyənləşdirilməsinin sistemli və dövri xarakter daşımasını təmin edəcək, həmçinin beynəlxalq reytinqlərdə ölkənin itirdiyi balların bərpasına imkan yaradacaq.

Müzakirələrdən sonra səsverməyə çıxarılan qanun layihəsi deputatların çox səsi ilə üçüncü oxunuşda qəbul olunub.

Bu qərar ölkədə sosial siyasətin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşma istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

https://busaat.az/sad-xeber-milli-meclis-maaslarla-bagli-qerar-qebul-etdi