Azərbaycan və Serbiya arasındakı enerji əməkdaşlığı strateji səviyyəyə yüksəlib və regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir.
“Report” xəbər verir ki, bu barədə SOCAR rəsmiləri tərəfindən Serbiya mediasının nümayəndələri üçün təşkil olunan brifinqdə bəyan edilib.
Brifinqdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “SOCAR Balkan” şirkətinin icraçı direktoru Murad Heydərov serbiyalı jurnalistlərin suallarını cavablandıraraq, iki ölkə arasında enerji sektorundakı strateji tərəfdaşlıq, regionun enerji təchizatının diversifikasiyası və gələcək əməkdaşlıq perspektivləri haqqında ətraflı məlumat veriblər.
Xatırladaq ki, 15 noyabr 2023-cü ildə SOCAR və Serbiyanın “Srbijagas” şirkəti arasında 2024–2026-cı illər üçün illik 400 milyon kubmetrədək Azərbaycan qazının Serbiyaya nəqli nəzərdə tutulan uzunmüddətli qaz satışı müqaviləsi imzalanıb.
Bundan əlavə, 26 sentyabr 2024-cü ildə hər iki şirkət arasında 1 noyabr 2024 – 1 aprel 2025-ci il dövrünü əhatə edən əlavə müqavilə bağlanıb. Bu müqaviləyə əsasən Serbiyaya sutkada 1 milyon kubmetr həcmində əlavə Azərbaycan qazı tədarük olunacaq.
SOCAR-ın planlarına əsasən, Azərbaycanın Serbiyaya qaz ixracı həcmi mərhələli şəkildə artırılacaq və yaxın illərdə illik 1 milyard kubmetrə çatdırılacaq.
2026-cı ilin yanvar ayında Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç “Report”a verdiyi müsahibədə ölkəsinin azad bazar şəraitində Azərbaycan neftinin alışına davam etmək niyyətində olduğunu vurğulamışdı.
Bu inkişaflar Azərbaycanın Avropa enerji bazarında mövqeyini daha da gücləndirir və Serbiya kimi ölkələr üçün etibarlı qaz təchizatçısı kimi rolunu möhkəmləndirir.
https://report.az/energetika/azerbaycan-ile-serbiya-arasinda-enerji-sektorunda-strateji-terefdasliq-muzakire-olunub