XƏBƏRLƏR

Azərbaycan İtaliya və Sloveniyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmasını gözləyir

FEVRAL 17, 2026

Azərbaycan İtaliya və Sloveniyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə qoşulacağına böyük ümid bəsləyir.

“Report”un məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Romada təşkil olunan “Qafqazdan Aralıq dənizinə” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, Azərbaycan hazırda əməkdaşlıq üçün getdikcə daha cəlbedici ölkəyə çevrilir: “Xəritəyə baxsaq görərik ki, Avropanın Asiya, Çin və Mərkəzi Asiya ilə əlaqəsi qaçılmaz olaraq Azərbaycandan keçir. Biz infrastrukturumuzu intensiv şəkildə inkişaf etdiririk. Bu, yalnız neft və qazla məhdudlaşmır. Gələcəkdə Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya və Macarıstanla, daha sonra isə ümid edirik ki, Sloveniya və İtaliya ilə birləşdirəcək elektrik kabeli layihəsi də var. Bu layihədə İtaliyanın CESI şirkətinin qiymətləndirmə prosesində iştirakı xüsusi əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanıb.

Qara dənizdən keçən sualtı elektrik kabeli layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini inteqrasiya edəcək ən irimiqyaslı infrastruktur təşəbbüslərindən biridir. Kabelin ümumi uzunluğu 1 155 km-dən çox olacaq (bundan 1 115 km sualtı, 40 km quru hissəsi), gərginliyi 525 kV, ötürmə gücü isə 1 300 MVt təşkil edəcək. Layihənin tikinti işlərinin 2032-ci ildə tamamlanması nəzərdə tutulur.

Bu layihə Azərbaycanın yaşıl enerji ixrac potensialını Avropaya çatdırmaq strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirilir və İtaliya ilə Sloveniyanın qoşulması regional enerji əməkdaşlığını yeni səviyyəyə qaldıra bilər.

https://renewables.az/az/news/az-rbaycan-taliya-v-sloveniyan-n-x-z-r-qara-d-niz-avropa-ya-l-enerji-d-hlizi-layih-sin-qo-ulaca-na-mid-edir