Azərbaycan bərpa olunan enerji mənbələri (BOEM) və dayanıqlı ətraf mühit sahəsində milli səviyyədə akkreditə olunmuş peşəkar kadrların hazırlanması proqramını işə salır. Bu, ölkənin enerji keçidi strategiyası üçün strateji əhəmiyyət daşıyan prioritet vəzifələrdən biridir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev “Azərbaycanın enerji sektorunda gənclərin bazar tələblərinə uyğun bacarıqlara və məşğulluq imkanlarına çıxışının genişləndirilməsi” layihəsinin açılış tədbirində bu barədə danışıb.
Onun sözlərinə görə, bərpa olunan enerjinin inkişafı təkcə ekoloji transformasiya prosesi deyil, eyni zamanda yeni iş yerlərinin yaradılması, peşəkar bacarıqların inkişafı, bilik və təcrübənin ötürülməsi, gənc mütəxəssislər və gələcək nəsillər üçün davamlı imkanlar formalaşdırmaq baxımından da güclü hərəkətverici amildir.
Cavid Abdullayev qeyd edib ki, BOEM sektorunun potensialı genişləndikcə peşəkar kadrlara tələbat da sürətlə artır: “Biz işçi qüvvəmizin yalnız hazırkı layihələrə deyil, enerji sektorunun uzunmüddətli transformasiyasına tam hazır olmasını təmin etməliyik. Azərbaycan aşağı karbonlu və şaxələndirilmiş iqtisadiyyata keçid prosesini sürətləndirir. Bu yolda struktur dəyişikliklər, o cümlədən məşğulluq məsələləri, təhsil proqramlarının əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılması, qadınların enerji sektorunda texniki və yüksək əməkhaqqılı vəzifələrdə daha aktiv iştirakının təmin edilməsi kimi çağırışlarla qarşılaşacağıq”.
Agentliyin rəhbəri vurğulayıb ki, bu keçid prosesi həm dayanıqlı, həm də inklüziv xarakter daşımalıdır: “O, gənclər üçün real imkanlar yaratmalı, qadınların hüquq və iştirakını genişləndirməli, təhsilin özəl sektorun aktual tələblərinə cavab verməsini təmin etməlidir”.
Cavid Abdullayev təşəbbüsün uğurunun onun birgə və əməkdaşlıq əsasında qurulmasında olduğunu bildirib: “Dövlət qurumları, özəl enerji şirkətləri, ali və peşə təhsili müəssisələri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq tərəfdaşlar bir araya gələrək praktiki, akkreditə olunmuş və əmək bazarına yönəlmiş proqramın formalaşdırılmasına çalışırlar. Bu, sadəcə təhsil islahatı deyil – Azərbaycanın gələcək rəqabət qabiliyyətinin, dayanıqlılığının və insan kapitalının inkişafına yönəlmiş uzunmüddətli investisiyadır”.
Proqramın işə salınması Azərbaycanın yaşıl enerji sektorunda peşəkar kadr ehtiyatının formalaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.
https://report.az/energetika/azerbaycanda-boem-uzre-milli-akkredite-olunmus-kadr-hazirligi-proqramina-start-verilir