XƏBƏRLƏR

Azərbaycan və İsrail təmiz enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

FEVRAL 18, 2026

Azərbaycan və İsrail təmiz enerjinin inkişafı və ikitərəfli əməkdaşlığın potensial istiqamətləri mövzusunda fikir mübadiləsi aparıblar.

“Report” xəbər verir ki, bu barədə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində yaradılmış “Yaşıl Enerji Dəhlizi” Birgə Müəssisəsinin (GECO / Black Sea Energy) baş direktoru Fərhad Məmmədov sosial şəbəkədə paylaşım edib.

Fərhad Məmmədov bildirib ki, Azərbaycan və İsrailin Energetika nazirliklərinin nümayəndələri arasında keçirilən onlayn görüşdə GECO layihəsinin ətraflı təqdimatı olub. Görüşdə layihənin strateji əhəmiyyəti, regional rolu və indiyədək əldə edilmiş nailiyyətlər xüsusi vurğulanıb.

“Bundan əlavə, tərəflər qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər. Xüsusilə təmiz enerji sektorunda təcrübə mübadiləsi, innovativ texnologiyaların paylaşılması və gələcək birgə layihələr imkanları diqqət mərkəzində olub”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə müəssisənin yaradılması barədə Anlaşma Memorandumu 25 iyul 2023-cü ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanıb.

Layihənin əsas elementi olan Qara dəniz sualtı elektrik kabeli Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini inteqrasiya edəcək ən irimiqyaslı infrastruktur təşəbbüslərindən biridir. Kabelin ümumi uzunluğu 1 155 km-dən çoxdur (1 115 km sualtı, 40 km quru hissəsi), gərginliyi 525 kV, ötürmə gücü isə 1 300 MVt təşkil edəcək. Tikinti işlərinin 2032-ci ildə tamamlanması nəzərdə tutulur.

Bundan başqa, Azərbaycanın günəş enerjisi potensialı yüksək olan Qazaxıstan və Özbəkistanla əməkdaşlıq çərçivəsində formalaşdırdığı Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizi gələcəkdə Xəzər-Qara dəniz dəhlizi ilə birləşdirilə bilər. Bu inteqrasiya Mərkəzi Asiyanın böyük hissəsini iki dəniz vasitəsilə Avropa ilə əlaqələndirərək qlobal yaşıl enerji tranzitini daha da gücləndirəcək.

Görüş Azərbaycanın təmiz enerji ixrac strategiyasının İsrail kimi innovasiya və texnologiya sahəsində qabaqcıl ölkələrlə əməkdaşlıq perspektivlərini genişləndirdiyini bir daha təsdiqləyir.

https://report.az/energetika/azerbaycan-ve-israil-temiz-enerji-sahesinde-emekdasliq-perspektivlerini-muzakire-edib