Azərbaycan ekoloji cəhətdən təmiz enerji sektorunun müasirləşdirilməsinə böyük sərmayə qoyur və enerji keçidi prosesində fəal rol oynayır.
“The Liberum” nəşri bu barədə məqaləsində Avropa Komissiyasının 2026-cı ilə dair Şərq Tərəfdaşlığı, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya regionlarında enerji qarşılıqlı əlaqəsinə həsr olunmuş meta-tədqiqatını təhlil edib.
Nəşr qeyd edir ki, Avropanın gələcək enerji təhlükəsizliyi əsasən elektrik enerjisi mənbələrinin qarşılıqlı əlaqəsi və bərpa olunan enerji bazarlarının inteqrasiyasından asılıdır. Tədqiqatda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və karbonsuzlaşma hədəflərinə töhfə verə biləcək azsaylı regional oyunçulardan biri kimi xüsusi vurğulandığı bildirilir.
“The Liberum” vurğulayır ki, Azərbaycan hələlik Aİ-yə birbaşa elektrik enerjisi ixracatçısı olmasa da, Brüssel tərəfindən strateji əhəmiyyətli qəbul edilən regional enerji ekosisteminə getdikcə daha sıx inteqrasiya olunur.
Məqalədə bu prosesin mərkəzində Qara dəniz sualtı kabel layihəsinin dayandığı qeyd olunur. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə reallaşdırdığı 1 155 km uzunluğundakı kabel vasitəsilə 1 300 MVt-a qədər bərpa olunan enerji ötürüləcək. Layihə 2025-ci ilin dekabrında Aİ-nin “qarşılıqlı maraq kəsb edən layihə” statusu alıb ki, bu da maliyyələşmə imkanlarını və normativ dəstəyi gücləndirir. Tikintinin 2032-ci ildə tamamlanması planlaşdırılır.
Nəşr həmçinin Azərbaycanın Naxçıvan istiqamətində apardığı infrastruktur işlərinə diqqət çəkir. Xüsusilə Zəngəzur enerji dəhlizinin formalaşdırılması Qara dəniz kabeli layihəsini tamamlayacaq mühüm element kimi qiymətləndirilir.
“Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa elektrik əlaqəsinin bərpası və bu xəttin Türkiyəyə uzadılması Cənubi Qafqaz – Türkiyə – Avropa fasiləsiz elektrik enerjisi oxunun əsasını qoyur. Bu, Bakı sisteminin ehtiyat saxlamasını və dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq”, – məqalədə deyilir.
Artıq Zəngəzur yüksək gərginlikli elektrik ötürmə xəttinin tikintisinə başlanılıb. Növbəti mərhələdə Naxçıvandan Türkiyəyə 400 kV gərginlikli xəttin çəkilməsi planlaşdırılır ki, bu da Azərbaycanın enerji sistemini Avropa texniki standartlarına daha yaxınlaşdıracaq.
Nəşr Azərbaycanın bərpa olunan enerji sahəsində sürətli irəliləyişini də xüsusi qeyd edir. 2026-cı ilin yanvarında Cənubi Qafqazın ən böyük külək enerjisi obyekti olan Xızı-Abşeron külək elektrik stansiyasının rəsmi açılışı əlamətdar hadisə olub.
Məqalədə həmçinin Azərbaycanın Gürcüstan, Türkiyə və Bolqarıstanla bərpa olunan enerji ticarəti üzrə çoxtərəfli memorandumlarda iştirakı, Azərbaycan-Qazaxıstan-Özbəkistan “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizinin inkişafı və MDB məkanında ən böyük günəş stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi kimi nailiyyətlərə toxunulur.
Nəticədə “The Liberum” yazır: “Avropa Komissiyasının 2026-cı il meta-tədqiqatı və Azərbaycanın 2026-cı ilin əvvəlinə olan enerji trayektoriyası eyni hekayəni danışır. Azərbaycana artıq sadəcə karbohidrogen təchizatçısı kimi baxılmır və o, yalnız yaşıl enerji ixracatçısı kimi təsvir olunmur. Əvəzində ölkə qaz təchizatının etibarlılığını, bərpa olunan enerjinin genişləndirilməsini və ikitərəfli elektrik əlaqələrini birləşdirərək strateji əhəmiyyətli aralıq mövqe tutur”.
Bu təhlil Azərbaycanın qlobal enerji keçidində getdikcə daha mühüm oyunçu kimi tanınmasının bariz nümunəsidir.
https://report.az/energetika/the-liberum-azerbaycan-yasil-enerji-ixracatcisi-statusunu-mohkemlendirir