Neft bazarındakı kəskin dalğalanmalar Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlərin artmasına səbəb ola bilər.
Bu barədə deputat Vüqar Bayramov “Report”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, neftin qiymətindəki yüksəliş dövlət büdcəsinə və valyuta ehtiyatlarına müsbət təsir göstərəcək: “2026-cı il dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu, illik orta göstəricidir. Qısa müddətli kəskin artımlar olsa da, Azərbaycan regionda sabitlik və sülh gündəliyində maraqlı ölkə kimi neft bazarında uzunmüddətli tarazlığa üstünlük verir. Qlobal bazarlarda uzunmüddətli tarazlıq siyasi deyil, iqtisadi faktorlarla müəyyən olunmalıdır. Lakin hazırda siyasi amillər iqtisadi meyarları üstələyir”.
Deputat qeyd edib ki, neft qiymətlərinin artması enerji ixrac edən ölkələrin gəlirlərini artırır, amma qlobal iqtisadiyyatda riskləri də gücləndirir: “2025-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 27,7 milyon ton neft hasil olunub. Orta hesabla gündəlik xam neft hasilatı 460 min barrel, kondensat 111 min barrel, ümumilikdə isə 571 min barrel təşkil edib. Ötən il 23,1 milyon ton neft ixrac edilmişdi”.
Vüqar Bayramov vurğulayıb ki, “Brent” markalı neftin qiyməti son dövrlərdə 20 %-ə yaxın artaraq bir bareli 110 ABŞ dollarından yuxarı qalxıb: “Bu, İran müharibəsinin başlamasından sonra neft qiymətlərində 30 %-ə yaxın artım deməkdir. Qiymət artımları birjalara da təsir edib – Asiya bazarları həftəni ciddi enişlərlə açıb”.
Deputat ABŞ Prezidentinin neft qiymətlərinin müvəqqəti olaraq yüksəldiyini və müharibə bitdikdən sonra stabilləşəcəyini bəyan etdiyini xatırladıb: “Lakin investorların əksəriyyəti qısa müddətdə kəskin ucuzlaşma gözləmir. Hörmüz boğazındakı çətinliklər enerji daşımalarının yalnız 20 %-inə təsir etsə də, Yaxın Şərqdəki ümumi vəziyyət, xüsusilə hasilatın azalması daha böyük rol oynayır. İraqda hasilat 60 % azalıb, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt də istehsalı məcburən aşağı salıb. Körfəz ölkələrində infrastruktur ziyanları hasilatın tez bərpasını çətinləşdirir. ABŞ-nin bazara gündəlik 300–400 min barrel əlavə neft çıxarmaq istəyi tarazlığı ciddi dəyişməyəcək. Müharibənin müddəti, coğrafiyası və sonradan infrastrukturun bərpası üçün lazım olan zaman və maliyyə resursları bazarın əsas hərəkətverici amilləri olaraq qalır”.
Bu qiymət artımları Azərbaycanın enerji gəlirlərinin artmasına səbəb olsa da, qlobal iqtisadiyyatda yaranan risklər və regiondakı gərginliklər uzunmüddətli perspektivdə diqqətlə izlənilməlidir.
https://report.az/energetika/vuqar-bayramov-azerbaycan-enerji-satisindan-bu-il-daha-cox-gelir-elde-ede-biler