XƏBƏRLƏR

Prezident İlham Əliyev: “Külək, günəş və su enerjisinə böyük investisiyalar yatırırıq

MART 12, 2026

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuat bəyanatında ölkənin bərpa olunan enerji sahəsindəki strateji planlarından danışıb.

Dövlət başçısı bildirib ki, enerji əməkdaşlığının prioritet istiqamətlərindən biri məhz bərpa olunan enerji sektorudur və bu sahədə böyük potensial mövcuddur.

“Biz külək, günəş və su elektrik enerjisinə ciddi sərmayələr yatırırıq. Planımız qısa müddətdə – beş və ya altı il ərzində ixraca hazır 6-8 giqavat gücündə bərpa olunan enerji potensialına malik olmaqdır. Hazırda Avropa tərəfdaşlarımızla birlikdə ötürücü xətlər, dəniz dibi kabelləri və enerji infrastrukturunun digər komponentləri üzərində intensiv iş aparırıq”, – deyə Prezident qeyd edib.

O, Bakıdakı günəşli havanı xüsusi vurğulayaraq əlavə edib: “Bu gün gəlişiniz zaman hər ikimiz Bakıdakı günəşli havanı qeyd etdik. Bahar gəlir. Əslində, ölkəmizdə ildə 300-dən çox günəşli gün olur, bəlkə də küləkli günlər daha çoxdur. Təsəvvür edin ki, külək və günəş enerjisinin potensialı nə qədər böyükdür”.

Prezidentin sözlərinə görə, Azərbaycanın zəngin təbii şəraiti bərpa olunan enerji layihələrinin sürətlə inkişafı üçün əlverişli zəmin yaradır və bu sahədə Avropa ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir.

https://renewables.az/az/news/prezident-lham-liyev-biz-k-l-k-v-g-n-enerji-stansiyalar-na-b-y-k-s-rmay-yat-r-r-q