Azərbaycanın “OPEC+” formatına verdiyi töhfə beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan “OPEC+”ın məsuliyyətli üzvü kimi balanslaşdırılmış və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıdır: “Biz vasitəçilik və kompromis həllərin tapılmasına böyük səy göstərən ölkə kimi “OPEC+” çərçivəsində fəaliyyətimiz yüksək qiymətləndirilir”.
Prezident həmçinin qeyd edib ki, enerji təhlükəsizliyi artıq dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib: “Azərbaycan bütün növ enerji resurslarını – neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisini istehsal edir və ixrac edir. Artan tələbatı və təchizat coğrafiyasının genişlənməsini nəzərə alaraq ixracı, xüsusilə təbii qaz və elektrik enerjisi ixracını artırmağı planlaşdırırıq. Bir il əvvəl qazımızı idxal edən ölkələrin sayı 12 idi. Bir il ərzində bu rəqəm 16-ya yüksəlib. Bütün bu ölkələr qazı boru kəmərləri vasitəsilə alır”.
İlham Əliyev əlavə edib ki, boru kəmərləri ilə qaz tədarükünün coğrafiyasına görə Azərbaycan dünyada lider mövqedədir: “İxrac həcmləri artacaq və bu, bir çox ölkələrin enerji təhlükəsizliyi üçün mühüm amil olacaq. Azərbaycan həmçinin neftin etibarlı tədarükçüsü kimi beynəlxalq bazarda enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək”.
Prezidentin çıxışı Azərbaycanın enerji ixracının coğrafiyasını genişləndirmək və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni artırmaq strategiyasının yeni mərhələsini əks etdirir.