XƏBƏRLƏR

Energetika sahəsində 13 yeni standart layihəsi Standartlaşdırma İnstitutuna göndəriləcək

MART 13, 2026

Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” üzrə Standartlaşdırma Texniki Komitəsinin hibrid formatda növbəti iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda Texniki Komitənin katibi Arif Nəzərov çıxış edərək son illərdə standartlaşdırma sahəsində qəbul edilən hüquqi aktların energetika sektorunda yeni standartların hazırlanmasını zəruri etdiyini qeyd edib.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin və Texniki Komitəyə üzv qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) hazırladığı IEC 62933-2-1 standartı layihəsinin yekun variantına dair rəy və təkliflər müzakirə olunub.

İclas iştirakçıları həmçinin elektroenergetika sahəsində terminologiyanın milliləşdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda irəli sürülən təklif və rəylər nəzərə alınmaqla energetika sahəsinə aid 13 standart layihəsinin təsdiq edilməsi və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinə təqdim olunması qərara alınıb.

Bu addım Azərbaycanın energetika sektorunda beynəlxalq standartlara uyğunlaşma prosesini sürətləndirmək və bərpa olunan enerji ilə bağlı normativ bazanı gücləndirmək məqsədi daşıyır.

https://renewables.az/az/news/az-rbaycanda-energetika-sah-sin-aid-13-standart-layih-si-standartla-d-rma-nstitutuna-t-qdim-edil-c-k