Azərbaycan-Latviya Biznes Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Avropa Komissiyası öz rəsmi bəyanatlarında Azərbaycana enerji sahəsində etibarlı tərəfdaş kimi istinad edir və bu əməkdaşlıq getdikcə daha da genişlənir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft satışı ilə başlayıb, indi isə təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir və yaşıl enerjinin ixracını planlaşdırır. Bu səbəbdən investisiya portfelinin vacib istiqamətlərindən biri də bərpa olunan enerji mənbələridir – ölkədə günəş və külək enerjisi üzrə böyük potensial mövcuddur. Prezidentin sözlərinə görə, artıq bu sahədə böyük beynəlxalq oyunçular ciddi maraq göstərirlər.
Azərbaycan lideri vurğulayıb ki, planlar yalnız niyyətlərə deyil, həm də imzalanmış və hüquqi cəhətdən qüvvədə olan müqavilələrə əsaslanır. Hədəf 2032-ci ilə qədər günəş, külək və hidroelektrik stansiyalarının ümumi gücünü 8 giqavata çatdırmaqdır ki, bu da tamamilə realdır. Prezident əlavə edib ki, bərpa olunan enerji hesabına elektrik istehsalında istifadə olunan təbii qazı böyük ölçüdə əvəz edəcəyik. Bu isə bir neçə milyard kubmetr qazın qənaət edilməsinə imkan verəcək ki, həmin qaz beynəlxalq bazarlarda indi çox tələb olunur.
https://renewables.az/az/news/lham-liyev-bizim-plan-m-z-2032-ci-il-q-d-r-8-qiqavatl-q-g-n-k-l-k-v-hidroenerji-g-c-n-malik-olmaqd-r