Azərbaycan Serbiyanın paytaxtı Belqradda keçiriləcək Enerji Forumunda iştirak edəcək. “Report”un Balkan bürosunun məlumatına görə, ölkəmizi bu forumda energetika nazirinin müavini Elnur Soltanov təmsil edəcək.
Nazir müavini mayın 11-12-də baş tutacaq Belqrad Enerji Forumunda iştirak etmək məqsədilə Belqrada səfər edəcək.
Bildirilir ki, forumda enerji təhlükəsizliyi, yaşıl keçid, bərpa olunan enerji və regional əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olacaq.
Qeyd edək ki, Belqrad Enerji Forumu regionun enerji sahəsində ən nüfuzlu platformalarından sayılır. Konfrans indiyədək dünyanın müxtəlif ölkələrindən 1500-dən çox iştirakçı qəbul edib. Bu ilki tədbirdə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların, investorların və enerji şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Azərbaycanın bu nüfuzlu forumda təmsil olunmasına gəlincə, qeyd edilməlidir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Azərbaycan–Serbiya iqtisadi münasibətlərinin əsas istiqamətlərindən biridir. Azərbaycan Serbiyanın qaz təchizatının şaxələndirilməsində mühüm tərəfdaşlardan birinə çevrilib və ölkəyə təbii qaz ixrac edir.
Tərəflər xüsusilə Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çalışır. Bundan əlavə, SOCAR-ın Serbiyada enerji layihələrində iştirakı və qaz təchizatı həcminin artırılması perspektivləri də müzakirə olunur.
https://report.az/energetika/azerbaycan-belqrad-enerji-forumunda-temsil-olunacaq