“Pan-Asiya Enerji Şəbəkəsi” (PAGI) təşəbbüsü Asiya-Sakit okean regionunda 20 QVt-a qədər bərpa olunan enerji gücünün yaradılmasına şərait yaradacaq. Bu sözləri Asiya İnkişaf Bankının (ADB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yan ADB Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən regional əlaqələr seminarında bildirib. “Report”un Səmərqəndəki müxbiri xəbər verir.
Onun sözlərinə görə, PAGI çərçivəsində sərhədyanı enerji infrastrukturunun inkişafı üçün 2035-ci ilədək 50 milyard ABŞ dolları həcmində vəsait cəlb edilməsi planlaşdırılır. Buraya elektrik xətlərinin, yarımstansiyaların, enerji saxlama sistemlərinin tikintisi, həmçinin enerji şəbəkələrinin rəqəmsallaşdırılması daxildir.
Təşəbbüs həmçinin yaşıl enerji ixracı, regional enerji ticarət platformalarının qurulması və elektrik istehsalı ilə saxlanmasını birləşdirən hibrid obyektlərin inkişafı kimi generasiya layihələrini də əhatə edir.
İnmin Yan qeyd edib ki, ADB 2035-ci ilədək təxminən 20 QVt bərpa olunan enerji gücünün transsərhəd inteqrasiyasını təmin etməyi hədəfləyir. Bundan əlavə, siyasi dialoq və standartların hazırlanmasına dəstək məqsədilə 10 milyon ABŞ dolları dəyərində texniki yardım proqramı başladılacaq.
O, qlobal miqyasda bərpa olunan enerji mənbələrinin sürətli inkişafına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və enerji sistemlərinin dayanıqlığının artırılmasına olan ehtiyacı da vurğulayıb.
https://report.az/energetika/inmin-yan-pagi-2035-ci-iledek-asiya-sakit-okean-regionunda-20-qvt-a-qeder-yasil-guc-temin-edecek