XƏBƏRLƏR

Azərbaycan və San-Marino bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

MAY 08, 2026

Azərbaycan və San-Marino təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. “Report”un xəbərinə görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, söhbət San-Marino Maliyyə, Büdcə, Nəqliyyat və Energetika naziri Marko Qatti və Əmək, İqtisadi Proqramlaşdırma, Muxtar Dövlət Xidmətləri İdarəsi ilə Əlaqələr, Ekoloji Keçid və Texnoloji İnnovasiyalar naziri Alessandro Bevitori ilə görüşdə aparılıb.

Tərəflər enerji təhlükəsizliyi, yaşıl keçid və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bildirilib ki, Azərbaycanla San-Marino arasında yüksək səviyyədəki siyasi əlaqələr enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Qeyd olunub ki, Azərbaycan hazırda 20 ölkəyə neft, 16 ölkəyə təbii qaz ixrac edir və etibarlı qlobal enerji tədarükçüsü kimi öz rolunu qoruyur. Ölkə eyni zamanda genişmiqyaslı bərpa olunan enerji layihələrini fəal şəkildə icra edir və Avropaya yaşıl enerji dəhlizlərinin yaradılmasına yönəlmiş əsas infrastruktur təşəbbüslərini irəli aparır.

Görüş zamanı San-Marino-da mövcud enerji təchizatı vəziyyəti, eləcə də təbii qaz tədarükü, bərpa olunan enerjinin inkişafı və yaşıl keçid təşəbbüsləri üzrə potensial əməkdaşlıq nəzərdən keçirilib.

Tərəflər həmçinin San-Marino nümayəndə heyətinin qarşıdan gələn Bakı Enerji Həftəsi çərçivəsində tədbirlərdə iştirakını müzakirə ediblər.

https://report.az/energetika/azerbaycan-san-marino-ile-berpa-olunan-enerji-sahelerinde-emekdasligi-muzakire-edib