XƏBƏRLƏR

SOCAR San-Marino ilə təbii qaz təchizatını müzakirə edib

MAY 08, 2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə San-Marino arasında təbii qaz tədarükü, bərpa olunan enerji və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. “Report” SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin San-Marinonun maliyyə, büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti, habelə əmək, iqtisadi planlaşdırma, A.A.S.S. ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu baxımdan Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edilir.

Söhbət zamanı qonaqlara SOCAR-ın yaşıl enerji gündəliyi, həmçinin “SOCAR Green” şirkətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Tərəflər həmçinin enerji sektorunun müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

https://report.az/energetika/socar-san-marino-ile-tebii-qaz-tedarukunu-muzakire-edib