XƏBƏRLƏR

Priyantha Viyayatunga: ADB Azərbaycana enerji şəbəkələrinin modernləşdirilməsində dəstək verməyə hazırdır – MÜSAHİBƏ

MAY 12, 2026

Azərbaycan sürətlə neft-qaz ixracatçısı statusundan Xəzər regionunu Avropa ilə birləşdirən əsas yaşıl enerji mərkəzinə çevrilir. Qara dəniz sualtı kabeli kimi layihələr şəbəkə dayanıqlığına və rəqəmsal bağlantıya görünməmiş sərmayələr tələb edir – bu məqsədlər Asiya İnkişaf Bankının (ADB) yeni strategiyasının mərkəzində dayanır.

ADB-nin 70 milyard dollarlıq dəstək paketinin nə qədəri Azərbaycanın enerji şəbəkələrinin müasirləşdirilməsinə yönəldilə bilər və bank nəyə görə enerji ilə İT sahələrini vahid bir bütün kimi nəzərdən keçirir? ADB-nin Enerji Sektoru Ofisinin baş direktoru Priyantha Viyayatunga “Report”a verdiyi eksklüziv müsahibədə bu və digər sualları cavablandırıb.

“Report” müsahibəni təqdim edir:

– 70 milyard dollarlıq təşəbbüs həm enerji, həm də rəqəmsal bağlantı sahələrini əhatə edir. ADB Cənubi Qafqazda və Mərkəzi Asiyada, o cümlədən Azərbaycanda bu iki sahəni necə inteqrasiya etməyi planlaşdırır?

– Əvvəlcə bir məqama aydınlıq gətirim: hər iki sahə ümumi 70 milyard dollar üçün birləşdirilsə də, Pan-Asiya Enerji Şəbəkəsi (PAGI) üzrə hədəf 50 milyard dollardır. Yəni 50 milyard dollar enerji komponentinə, 20 milyard dollar isə Asiya-Sakit okean Rəqəmsal Magistralına ayrılır.

Bu iki sahə arasında sıx əlaqə mövcuddur: fiber-optik kabel adətən elektrik ötürmə xətləri boyunca çəkilir – məhz burada sektorlar bir-biri ilə kəsişir. Lakin 50 milyard dollar konkret olaraq enerji sektorunun inkişafı və elektrik enerjisinin ötürülməsinin təmin edilməsi üçün nəzərdə tutulub.

Bu məbləğlərin bütövlükdə Asiya-Sakit okean regionuna aid olduğunu vurğulamaq vacibdir. Fərdi subregionlara və ya ölkələrə konkret ayrılışlar hələ ki edilməyib; bu, bankın əldə etməyə çalışdığı ümumi hədəfdir.

– Elan edilmiş 70 milyard dollarlıq öhdəliyin nə qədəri özəl sektorla tərəfdaşlıq, nə qədəri isə birbaşa dövlət kreditləri hesabına səfərbər ediləcək?

– Proqnozlarımıza görə, 2035-ci ilədək enerji sektoruna ayrılan 50 milyard dolların təxminən yarısı bankın öz vəsaitləri – ölkə və regional kvotalar hesabına təmin olunacaq. Qalan hissənin isə özəl sektor və Dünya Bankı da daxil olmaqla digər beynəlxalq maliyyə institutlarından cəlb edilməsi gözlənilir.

– Yeni təşəbbüs çərçivəsində Azərbaycanın enerji keçidi və enerji şəbəkəsinin modernləşdirilməsi üçün ilkin qiymətləndirmə və ya göstərici resurs bölgüsü aparılıbmı?

– Hazırda ayrı-ayrı ölkələr və ya subregionlar üzrə ilkin vəsait bölgüsü edilməyib. Bank həm fərdi ölkə proqramları, həm də CAREC, SASEC, GMS, APG kimi subregional təşəbbüslərlə işləyir.

PAGI-nin tam işə salınması üçün zəruri zəminin yaradılması məqsədilə texniki yardım layihələri hazırda həyata keçirilir.

– Azərbaycan Qara dəniz sualtı kabeli layihəsi üzərində fəal işləyir və Xəzər hövzəsindən Avropa bazarlarına yaşıl enerjinin daşınması marşrutlarını inkişaf etdirir. ADB-nin bu təşəbbüsü Azərbaycanın yaşıl enerji üzrə regional mərkəz kimi mövqeyinin güclənməsinə necə töhfə verir?

– PAGI-nin əsas məqsədi Asiya-Sakit okean regionu daxilində enerji bağlantılılığını təmin etməkdir. Lakin arzularımız bununla məhdudlaşmır: əgər texniki cəhətdən mümkün olarsa, bu sistemin Avropa şəbəkələri ilə inteqrasiyası imkanını məmnuniyyətlə qarşılayarıq.

Sizin düzgün qeyd etdiyiniz kimi, bu istiqamətdə iş artıq aparılır. Biz həm Azərbaycana, həm də bütün regiona hərtərəfli dəstək verməyə hazırıq.

– Genişmiqyaslı günəş və külək enerjisi layihələrini, xüsusilə Qaradağ və Abşeron layihələrini uğurla inteqrasiya etmək üçün Azərbaycan ağıllı şəbəkələrin inkişafına əhəmiyyətli sərmayələrə ehtiyac duyur. ADB bu yeni proqram çərçivəsində dövlət şəbəkə operatorlarına (AzerEnerji və Azerishig) hədəfli texniki və ya maliyyə dəstəyi vermək imkanlarını araşdırırmı?

– Əlbəttə, və təkcə bu proqram çərçivəsində yox, eyni zamanda ənənəvi ölkə strategiyaları vasitəsilə də. Daxili ötürmə şəbəkələrinin gücləndirilməsi vahid pan-Asiya enerji sistemi vizyonunu reallaşdırmaq üçün açardır.

Biz Azərbaycana, eləcə də regionun istənilən digər ölkəsinə elektrik enerjisi ötürmə sistemlərini yeniləmək və təkmilləşdirmək üçün yardım göstərməyə hazır olduğumuzu bildiririk. Mülkiyyət formasının – dövlətə məxsus olması və ya özəl olması – heç bir əhəmiyyət daşımır. Əgər ölkə sorğu edərsə, biz lazımi dəstəyi verməyə hazırıq.

 

https://report.az/energetika/priyanta-vicayatunqa-adb-azerbaycanin-enerji-sebekelerinin-modernlesdirilmesine-destek-gostermeye-hazirdir-musahibe