XƏBƏRLƏR

SOCAR-ın Təlim, Təhsil və Sertifikatlaşdırma Departamenti yeni brend identikliyini təqdim edib

MAY 15, 2026

SOCAR-ın Təlim, Təhsil və Sertifikatlaşdırma Departamenti yeni brend identikliyini təqdim edib. Qurum bundan sonra fəaliyyətini Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi (CTCC) adı ilə davam etdirəcək. Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

Təqdimat mərasimində dövlət qurumlarının nümayəndələri, sənaye və enerji sektorlarında fəaliyyət göstərən tərəfdaş şirkətlərin rəhbərləri, eləcə də müxtəlif sahələrdən olan ekspertlər iştirak ediblər.

Tədbir Mərkəzin fəaliyyətini əks etdirən təqdimatla başlayıb, ardınca videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində xüsusi təşkil edilmiş stendlər qonaqlara CTCC-nin fəaliyyət istiqamətləri, beynəlxalq standartlara uyğun təlim proqramları, sertifikatlaşdırma imkanları, həmçinin texniki və praktiki təlim infrastrukturu haqqında ətraflı məlumat verib.

İştirakçılara həmçinin Mərkəzin əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, peşəkar inkişaf və texniki bacarıqların artırılması sahələrində həyata keçirdiyi təlim proqramları təqdim olunub.

Tədbir dövlət qurumları ilə sənaye və enerji sektorlarında fəaliyyət göstərən şirkətlər arasında təlim və inkişafda sinergiya mövzusuna həsr olunmuş panel müzakirəsi ilə davam edib.

Panel çərçivəsində Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi rəhbərinin müavini İsmayıl Nəsirov, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə, SOCAR Downstream MMC-nin Əməliyyatlar Texnologiyası üzrə meneceri Bora Engin, bp Azərbaycanın Sanqaçal Terminalı üzrə əməliyyatlar meneceri Zaur Malikov və SOCAR-ın Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin rəhbəri Fuad Süleymanov çıxış ediblər.

Müzakirələr insan kapitalının inkişafı, beynəlxalq təcrübənin tətbiqi, təlim və sertifikatlaşdırmada müasir yanaşmalar, həmçinin enerji sektoru üçün ixtisaslı kadrların hazırlanmasının strateji əhəmiyyəti ətrafında aparılıb.

 

https://report.az/energetika/socar-in-telim-tedris-ve-sertifikatlasdirma-idaresinin-yeni-brend-adi-teqdim-edilib