ABŞ-nin SLB şirkəti uzunmüddətli perspektivdə Azərbaycanın aparıcı regional enerji ixracatçılarından biri kimi mövqelərinin möhkəmləndirilməsinə kömək etmək niyyətindədir. Bu barədə “Report” 31-ci Bakı Enerji Forumunda SLB-nin coğrafiyalar üzrə icraçı vitse-prezidenti Stiv Qassenin çıxışına istinadən xəbər verir.
O qeyd edib ki, şirkət Azərbaycanın ən böyük enerji layihələrindən biri olan “Şahdəniz” yatağının işlənməsində əsas rol oynayıb. “SLB ‘Şahdəniz’in istismarını təmin edən bütün sualtı infrastrukturu – layihənin ilkin mərhələlərində də, sonrakı bütün inkişaf mərhələlərində də tədarük edib və tədarük etməyə davam edir”.
Azərbaycanla gələcək əməkdaşlıq perspektivlərindən danışarkən o, xüsusilə “Bahar” yatağının SOCAR-la birgə yenidən işlənməsi layihəsini vurğulayıb.
İcraçı vitse-prezidentin sözlərinə görə, yatağın uzun müddət istismar olunmasına və illər ərzində yaranmış çətinliklərə baxmayaraq, layihə əhəmiyyətli potensiala malikdir.
“Biz ‘Bahar’ yatağının SOCAR-la birgə yenidən işlənməsini nəzərdən keçiririk. Yatağın uzun istismar tarixinə və zamanla meydana çıxmış çətinliklərə baxmayaraq, onun yenidən işlənməsinə dair yanaşmaların daha ətraflı təhlili böyük potensial nümayiş etdirir. Biz süni intellekt əsaslı yeraltı tədqiqatlar vasitəsilə layın drenajının prinsipial olaraq yeni konsepsiyalarını və tam inteqrasiya olunmuş yatağın işlənməsi konsepsiyasını yaratmaq üçün ən yeni rəqəmsal texnologiyaları və iş proseslərini tətbiq edirik. Bu, olduqca unikal yanaşmadır və ümid edirik ki, o, layihəni yekun investisiya qərarının qəbulu mərhələsinə aparmağa imkan verəcək”, – Stiv Qassen vurğulayıb.
https://report.az/energetika/abs-sirketi-azerbaycanin-aparici-enerji-resurslari-ixracatcisi-kimi-movqeyini-mohkemlendirmeye-hazirdir