XƏBƏRLƏR

Azərbaycan Almaniya ilə qaz təchizatı və enerji keçidini müzakirə edib

İYUN 03, 2026

Azərbaycan və Almaniya arasında təbii qaz tədarükü, enerji keçidi və aşağı karbonlu həllər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. “Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr “Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Almaniyanın “VNG AG” şirkətinin İdarə Heyətinin sədri Ulf Heitmüller arasında keçirilən görüşdə aparılıb.

Görüşdə tərəflər qlobal enerji bazarında mövcud vəziyyət, enerji böhranı şəraitində təchizat təhlükəsizliyi, bazarların şaxələndirilməsi və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Müzakirələrin mərkəzində ölkədə həyata keçirilən enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı, batareya enerji saxlama sistemləri və enerji sisteminin müasirləşdirilməsi məsələləri dayanırdı.

Bildirilib ki, Azərbaycanda hazırda 11 sənaye miqyaslı günəş və külək enerjisi layihəsi icra edilir və bu layihələr yaxın illərdə ölkənin ümumi quraşdırılmış gücündə əhəmiyyətli paya sahib olacaq.

Qeyd olunub ki, bərpa olunan enerji layihələri hesabına həm təbii qaza qənaət edilir, həm də ixrac imkanları genişlənir. Eyni zamanda şəbəkənin gücləndirilməsi və enerji sisteminin dayanıqlılığı üçün investisiyalar artırılır. Bundan əlavə, gələcək enerji sistemində hidrogen, biometan və digər alternativ enerji mənbələrinin rolu, həmçinin Azərbaycan, Türkiyə və Avropa istiqamətində elektrik enerjisi interkonnektor layihələrinin əhəmiyyəti vurğulanıb və bu istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.

https://report.az/energetika/azerbaycan-almaniya-ile-qaz-tedaruku-ve-enerji-kecidini-muzakire-edib