Misir və Azərbaycan neft‑qaz sahəsində uzunmüddətli tərəfdaşlıq imkanlarını araşdırırlar. “Report” xəbər verir ki, bu barədə “ECO FIN Agency” Misirin Neft Nazirliyinə istinadən məlumat yayıb.
Mövzu ilə bağlı danışıqlar Bakı Enerji Həftəsi çərçivəsində Misirin neft naziri Kərim Bədəvi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse‑prezidenti Elşad Nəsirov arasında keçirilən görüşdə aparılıb.
Məlumatda bildirilib ki, müzakirələr iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın aktivləşdirilməsinə və genişləndirilməsinə yönəlib.
K.Bədəvi Misirin neft emalı, nəqli, saxlanması və ixracı sahəsində inkişaf etmiş infrastrukturuna diqqət çəkərək bu aktivləri əməkdaşlığın genişləndirilməsi üçün əsas kimi təqdim edib.
Nazir həmçinin karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və hasilatı sahəsində investisiya imkanlarını qeyd edib və SOCAR-ı Misir bazarında iştirakını genişləndirməyə dəvət edib.
Qeyd olunub ki, bu görüş martın 31-də Qahirədə “Egypt Energy Show” (EGYPES) sərgisi çərçivəsində imzalanmış çərçivə sazişinin davamıdır. Saziş mayeləşdirilmiş təbii qazın, neft və neft məhsullarının tədarükü, investisiyalar, təlim və ixtisasartırma da daxil olmaqla bir neçə əməkdaşlıq sahəsini əhatə edir.
https://report.az/xarici-siyaset/misir-socar-i-oz-bazarinda-istirakini-genislendirmeye-devet-edib