Avropa Komissiyası bərpa olunan enerji mənbələrindən (BOEM) elektrik enerjisi istehsalının inkişafı üçün İtaliyanın 23 milyard avro həcmində dövlət dəstəyi proqramını təsdiqləyib. “Report”un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir.
Proqram İtaliyada külək enerjisi, günəş generasiyası, hidroenergetika obyektlərinin və çirkab sularından alınan bioqaz qurğularının tikintisinə dəstək verməyi nəzərdə tutur. Yeni layihələrin 37,15 QVt gücün istifadəyə verilməsini təmin edəcəyi gözlənilir ki, bu da İtaliyanın mövcud bərpa olunan generasiya gücünün təxminən 48%-nə bərabərdir.
Avropa Komissiyasının məlumatına görə, proqram İtaliyaya 2030-cu ilədək son elektrik istehlakında BOEM-in payını 39,4%-ə çatdırmaq hədəfinə nail olmağa, həmçinin elektrik enerjisi qiymətlərinin və Avropa İttifaqının enerji daşıyıcıları idxalından asılılığının azalmasına töhfə verməlidir.
Dəstək 20 il müddətinə tətbiq ediləcək qiymət fərqi üzrə ikitərəfli müqavilələr vasitəsilə təmin olunacaq. Əgər elektrik enerjisinin bazar qiyməti müqavilədə nəzərdə tutulan qiymətdən aşağı olarsa, dövlət fərqi istehsalçıya kompensasiya edəcək. Bazar qiymətinin yüksək olduğu halda isə şirkətlər fərqi dövlətə qaytaracaq.
Avropa Komissiyası qeyd edib ki, elektrik enerjisinin bazar qiymətləri proqnozlaşdırılandan yüksək olarsa, faktiki büdcə xərcləri elan edilmiş 23 milyard avrodan xeyli aşağı ola bilər.
https://report.az/energetika/ai-italiyada-23-milyard-avroluq-dovlet-desteyi-proqramini-tesdiqleyib