Bu sözləri “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Azərbaycana səfərdən qayıdan Moldovanın energetika naziri Dorin Junqetu deyib.
Nazirin sözlərinə görə, Moldova hazırda xarici enerji asılılığının azaldılması və Avropa enerji bazarına inteqrasiya istiqamətində ciddi dəyişikliklər həyata keçirir.
“Moldova xarici enerji asılılığını azaltmaq və Avropa bazarına doğru irəliləmək üçün mühüm transformasiyalar aparır. Bu bazarda Azərbaycan həlledici mənbədir. Xüsusilə forum çərçivəsində keçirilən görüşlərdə Moldova olaraq bu məsələyə və Qara dəniz hövzəsində enerji dövriyyəsi mövzusuna xüsusi önəm verdik”, – deyə o bildirib.
Junqetu qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib. Danışıqlar Moldova ilə Azərbaycan arasında iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, o cümlədən bərpa olunan enerji və strateji regional layihələr üzrə əməkdaşlıq imkanlarına həsr olunub.
“SOCAR-la Moldovanın rəqabətli şərtlərlə neft məhsulları və təbii qazla təchizatı sahəsində əməkdaşlıq perspektivlərini, həmçinin Azərbaycan investisiyalarının ölkənin enerji sektoruna cəlb edilməsi imkanlarını müzakirə etdik”, – nazir əlavə edib.
D. Junqetu vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti ilə görüşdə yaşıl enerji sahəsində regional layihələrə də xüsusi diqqət yetirilib.
“Bu çərçivədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Avropa bazarına nəqli üçün nəzərdə tutulan Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan Yaşıl Enerji Dəhlizi layihəsini də müzakirə etdik”, – deyə o bildirib.
Qeyd edək ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn çıxışı zamanı Körfəz bölgəsində və Yaxın Şərqdə münaqişənin gərginləşdiyi bir şəraitdə Orta Dəhlizin əlavə əhəmiyyət qazandığını bildirib.
https://report.az/energetika/dorin-junqetu-azerbaycan-avropanin-enerji-bazari-ucun-helledici-menbedir