Mərkəzi Asiyanı Azərbaycanla birləşdirəcək Transxəzər yaşıl dəhlizi bərpa olunan enerji mənbələrindən (BOEM) istehsal edilən artıq elektrik enerjisinin ixracı üçün uzunmüddətli strateji marşruta çevrilə bilər. Bu barədə "Report"un Almatıya ezam olunmuş əməkdaşı BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) katibliyi layihələrinin rəhbəri Sergey Tulinovun Avrasiya İnkişaf Bankının (EDB) illik iclası və biznes forumundakı çıxışına istinadən xəbər verir.
Onun sözlərinə görə, Mərkəzi Asiyada BOEM-in inkişafı mərhələli şəkildə həyata keçirilməlidir ki, bu da regional əməkdaşlıq imkanlarının tədricən genişləndirilməsinə və qarşılıqlı faydalı elektrik enerjisi bazarının formalaşmasına şərait yaradacaq: "Birinci mərhələ mövcud qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsidir. İkinci mərhələ Avropada fəal şəkildə inkişaf edən 'bir gün əvvəl' pilot bazarının işə salınması ilə bağlıdır. Üçüncü mərhələdə real vaxt rejimində elektrik enerjisi bazarının yaradılması və sistem xidmətlərinin inkişafı nəzərdə tutulur. Dördüncü mərhələ isə gücün kifayət edib-etməyəcəyinə dair regional qiymətləndirmə, müxtəlif resursların enerji sisteminin etibarlılığına töhfəsinin tanınması və əlçatan və çatdırılan gücün ödənilməsi mexanizmlərinə əsaslanan ümumi güc bazarının formalaşdırılması ilə bağlıdır".
Tulinov vurğulayıb ki, belə ardıcıllıq vaxtından əvvəl qərarların risklərini azaltmağa və regionun enerji sistemlərinin inteqrasiyası üçün davamlı zəmin yaratmağa imkan verir: "Mərkəzi Asiya bir neçə regional elektrik enerjisi sistemi arasında enerji qovşağına, 'Transxəzər yaşıl dəhliz' isə BOEM-dən əldə olunan artıq elektrik enerjisinin ixracı üçün uzunmüddətli strateji seçimə çevrilə bilər".
Qeyd edək ki, bu layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) İtaliyanın CESI konsaltinq şirkəti tərəfindən hazırlanır. TİƏ-nin hazırlanmasının dəyəri təxminən 1 milyon avrodur və beynəlxalq maliyyə institutlarının qrantları hesabına maliyyələşdirilir.
Bundan başqa, 2025-ci il iyulun 1-də Qazaxıstan, Azərbaycan və Özbəkistanın sistem operatorları layihənin həyata keçirilməsinin koordinasiyası və iştirakçı ölkələrin ekspertlərinin müntəzəm işçi görüşlərinin keçirilməsi üçün "Green Corridor Alliance" birgə müəssisəsini yaradıblar. Hər üç ölkənin birgə müəssisədə payı 33,3% təşkil edir.
https://report.az/energetika/escap-merkezi-asiya-ve-azerbaycanin-enerji-sistemlerinin-inteqrasiyasinin-merheleli-modelini-teklif-edir