Gürcüstan hökuməti Azərbaycan tərəfi ilə aparılan müzakirələr nəticəsində əlverişli qiymətə 2 milyard kubmetrdən çox təbii qazın təchizatına dair təminat alıb, "Report"un yerli bürosu Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentdə hökumətin illik fəaliyyət hesabatını təqdim edərkən etdiyi çıxışına istinadən xəbər verir.
Baş nazir bildirib ki, hesabat dövrü ərzində ölkədə qazlaşdırma layihələri davam etdirilib və 60-dan çox yaşayış məntəqəsi qaz şəbəkəsinə qoşulub. Onun sözlərinə görə, bu addım sayəsində təxminən 10 min ev təsərrüfatı təbii qazla təmin olunub.
Kobaxidze vurğulayıb ki, Gürcüstan üçün strateji əhəmiyyət daşıyan qaz təchizatı məsələsinə dair Azərbaycanla aparılan danışıqlar uğurla başa çatıb: "Ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı ilə bağlı dost ölkəmiz Azərbaycanla son dərəcə vacib danışıqlar apardıq. Bu müzakirələr İqtisadiyyat Nazirliyi tərəfindən uğurla yekunlaşdırıldı və nəticədə əlverişli qiymətə 2 milyard kubmetrdən çox qazın tədarükünə dair təminat əldə etdik".
Baş nazir xüsusi olaraq vurğulayıb ki, bu saziş Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
https://report.az/energetika/gurcustan-azerbaycandan-2-milyard-kubmetrden-cox-tebii-qaz-tedarukune-dair-zemanet-elde-edib