İstismara verildiyi gündən bu yana Trans‑Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazı daşınıb. Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu həcmin 39,6 milyard kubmetri Türkiyəyə ixrac olunub.
Bu gün “Şahdəniz‑2” layihəsi çərçivəsində TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə kommersiya məqsədli qaz nəqlinə başlanmasından 8 il ötür. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP enerji təhlükəsizliyinin təmin edilməsində əvəzsiz infrastruktur layihəsi hesab olunur.
TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz‑2” yatağından və digər sahələrdən hasil edilən təbii qazın Türkiyəyə və oradan Avropaya nəqlini həyata keçirir. TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans‑Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. Boru kəməri Türkiyə ərazisindən keçərək Türkiyə‑Yunanıstan sərhədində başa çatır və burada qazın Avropaya çatdırılması üçün TAP borusuna birləşir.
https://report.az/energetika/indiyedek-tanap-la-neql-edilen-azerbaycan-qazinin-hecmi-aciqlanib