XƏBƏRLƏR

Hümmət Əliyev: Neft‑qaz sektorundan "yaşıl enerji"yə keçid hüquqi tənzimləmə tələb edir

İYUL 01, 2026

Neft və qaz sahəsində çalışan minlərlə mütəxəssisin "yaşıl enerji" sektoruna reinteqrasiyası ciddi hüquqi tənzimləmə mexanizmlərinin formalaşdırılmasını zəruri edir. Bu fikirləri Quba Biznesə Dəstək Platformasının Direktorlar Şurasının hüquq komitəsinin rəhbəri Hümmət Əliyev "Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi" adlı tədbirdə səsləndirib, "Report" xəbər verir.

Onun fikrincə, bu istiqamətdə lazımi addımlar atılmadığı halda əmək bazarında ciddi disbalans yaranacaq. "Çünki bilirik ki, uzun illərdir Azərbaycanın əsas büdcə gəlirləri neft‑qaz sektoru hesabına formalaşdığı üçün gənclərimiz daha çox həmin sektorda çalışmağa və gələcəklərini qurmaq üçün bu istiqamətdə təhsil almağa meylli olublar. Buna görə də həmin sahədə çalışan mütəxəssislərin yaşıl enerji istiqamətində yenidən ixtisaslaşdırılması böyük hüquqi dəstək tələb edəcək. Azərbaycan Əmək Məcəlləsi işçilərin hüquqlarını qoruyur. Struktur dəyişiklikləri və ixtisaslaşma prosesində qanunvericilik işçilərin ixtisara salınması və ya yenidən hazırlıq hüququnu tanıyır. Yəni burada həm ixtisasartırma, həm də başqa bir sahəyə yönləndirilmədə dəstək var."

H. Əliyev qeyd edib ki, "yaşıl sektor"da yeni yaranan iş yerlərində gender balansının qorunması, qadınlar və gənclər üçün xüsusi kvota və stimullaşdırıcı proqramların olması ədalətli keçidin şərtlərindəndir. "İri layihələrin icrası üçün böyük torpaq sahələri tələb olunur. Bu zaman torpaqların təyinatının dəyişdirilməsi, bələdiyyə, dövlət və ya xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə hüququ kimi məsələlər ortaya çıxır. Bunlar Azərbaycanın torpaq və mülkiyyət qanunvericiliyi ilə tam uyğun olmalıdır. Yerli vətəndaşların və icmaların maraqları zərər görməməlidir. Torpaq istifadəsindəki dəyişikliklər qanunla tənzimlənməlidir."

Ekspert vurğulayıb ki, infrastrukturun qurulması və logistika zamanı ətraf mühitin qiymətləndirilməsi üzrə hüquqi ekspertizalar ciddi şəkildə aparılmalıdır. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanunun tələblərinə riayət edilməsi təmin olunmalıdır. Yerli icmaların rifahına yönələn investisiyaların həyata keçirilməsi hüquqi müqavilələrdə, o cümlədən dövlət‑özəl tərəfdaşlıq müqavilələrində öz əksini tapmalıdır."

https://report.az/energetika/hummet-eliyev-neft-qaz-sektorundan-yasil-enerji-ye-kecid-huquqi-tenzimleme-teleb-edir