Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib ki, Azərbaycan öz enerji sistemini Avropa İttifaqı ilə inteqrasiya edəcək, "Report" xəbər verir.
Onun sözlərinə görə, Rusiya qazının Avropaya tədarükünün dayandırılmasından sonra Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayıb və "Cənub Qaz Dəhlizi" enerji təchizatı sahəsində "uğur hekayəsi"nə çevrilib.
"Buna görə də sizə minnətdarlığımı bildirirəm. İndi biz növbəti mərhələdəyik", – deyə o vurğulayıb.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Azərbaycan yeni enerji layihələri, o cümlədən bərpa olunan enerji sahəsində layihələr həyata keçirir.
Ursula fon der Lyayen vurğulayıb ki, Azərbaycan Xəzər regionunda əhəmiyyətli potensiala malikdir və təmiz elektrik enerjisinin tədarükü üçün mühüm enerji mərkəzinə çevrilə bilər.
"Biz regional enerji şəbəkələrinin inteqrasiyası ilə bağlı planlarınızı dəstəkləyirik. Azərbaycan öz enerji sistemini Avropa İttifaqı ilə birləşdirəcək. Bu, həm də əlavə qaz həcmlərinin ixracı üçün imkanlar yaradacaq. Bu kontekstdə biz sizin təklifinizi qəbul etdik. Mən Azərbaycanla Ermənistan arasında elektrik kabelinin çəkilməsi təşəbbüsünü irəli sürməyinizi alqışlayıram – bu, gələcək üçün çox vacib addımdır", – deyə o bildirib.
https://report.az/xarici-siyaset/fon-der-lyayen-azerbaycan-oz-enerji-sistemini-ai-ile-birlesdirecek