XƏBƏRLƏR

Bakı‑Tbilisi‑Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb

İYUL 03, 2026

Fəaliyyətə başladığı gündən bu yana Bakı‑Tbilisi‑Ərzurum qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac edilib. Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı‑Tbilisi‑Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə “Şahdəniz” qaz‑kondensat yatağından hasil olunan təbii qaz Türkiyə bazarına nəql olunur.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006‑cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qazın nəqlinə başlanılıb. 2018‑ci ilin yayından isə “Şahdəniz” yatağının ikinci mərhələsi üzrə hasil olunan qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə – TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

https://report.az/energetika/baki-tbilisi-erzurum-kemeri-ile-turkiyeye-ixrac-olunan-qazin-hecmi-aciqlanib